NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa Sammitinin birinci günündə liderlər əsasən Rusiyaya qarşı təzyiqin gücləndirilməsi məsələsini müzakirə ediblər.
“EDnews” xəbər verir ki, Almaniyanın Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin vacibliyini qeyd ediblər. Lakin ABŞ Prezidenti Donald Trampın hələlik Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə razı olmadığı bildirilib.
NATO-ya üzv olan 32 ölkənin liderləri Sammit çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində genişmiqyaslı planları müzakirə ediblər. Müzakirələr iyunun 25-də davam etdiriləcək. ABŞ Prezidenti Donald Tramp “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramını müttəfiqlərlə birlikdə qəbul etdirmək niyyətindədir. Plana əsasən, 2035-ci ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması nəzərdə tutulur. Bunun ən azı 3,5 faizi bilavasitə hərbi xərclərə, 1,5 faizinin isə hərbi məqsədlə istifadə oluna bilən infrastruktur layihələrinə ayrılması planlaşdırılır. Qeyd edək ki, hazırda NATO-nun hədəfi 2 faizdir.