ABŞ-ninn Ayova ştatında baş verən silahlı hücum nəticəsində eyni ailədən olduğu ehtimal edilən 6 nəfər ölüb.
EDnews xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Məlumata görə, hadisə Ayova ştatının Maskatin şəhərində qeydə alınıb. Polis iki ev və bir biznes obyektinin hədəf alındığı silahlı hücumla bağlı araşdırma aparır. Hakimiyyət orqanları hücumçunun Rayan Uillis Makfarland olduğunu müəyyən edib.
İlkin məlumata əsasən, şübhəli əvvəlcə şəhərdəki evlərdən birində 4 nəfəri öldürüb. Araşdırma zamanı daha iki nəfərin meyiti aşkarlanıb. Onlardan biri başqa evdə, digəri isə yaxınlıqdakı iş yerində tapılıb. Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Maskatin Polis Departamentinin məlumatına görə, ilkin versiyalardan biri hadisənin ailədaxili münaqişə zəminində baş verməsidir. Bildirilib ki, ölənlərin hamısının şübhəlinin ailə üzvləri olduğu ehtimal edilir. Hakimiyyət orqanları şübhəlinin də ölü tapıldığını açıqlayıb.
Hadisənin dəqiq motivi hələlik məlum deyil. Faktla bağlı genişmiqyaslı araşdırma davam etdirilir.







