Sabah Bakıda havanın temperaturu 23, bölgələrdə isə 28 dərəcəyədək yüksələcək.
EDnews xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bununla belə, axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimal edilir.
Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.
Paytaxtda və yarımadada havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarından şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Rayonlarda gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 6-11 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-25 dərəcə isti gözlənilir.







