Azərbaycanda bəzi bölgələrdə yağıntılı və küləkli hava şəraiti davam edib, Şahdağda qar yağıb, Kəlbəcərdə isə dolu qeydə alınıb.
EDnews xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 31-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi ərazilərdə yağıntılar intensiv xarakter daşıyıb, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Ordubad və İsmayıllıda 10 mm, Sabirabadda 9 mm, Daşkəsən və Astarada 8 mm, Göygöl və Sarıbaşda 7 mm, Gədəbəy və Şahdağda 6 mm, Xızıda 5 mm qeydə alınıb.
Culfa, Naftalan və Lənkəranda 4 mm, Şahbuz və Qubada 3 mm, Balakən, Zaqatala, Qəbələ, Tərtər və İmişlidə isə 2 mm yağıntı düşüb.
Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər və Qubadlıda 1 mm-dək yağıntı qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 24 m/s, Mingəçevirdə 22 m/s, Şahdağda isə 20 m/s-dək güclənib.
Bildirilib ki, mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.







