İranda hakim rejim mümkün yeni qarşıdurma ehtimalını nəzərə alaraq hərbi və strateji hazırlıqlarını sürətləndirir. Tehran anlayır ki, Vaşinqtonla aparılan nüvə və təhlükəsizlik danışıqlarında ciddi güzəştlərə getməyəcəyi halda, növbəti hərbi-siyasi toqquşma qaçılmaz ola bilər. Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ, onun regional müttəfiqləri və Çinlə formalaşan mürəkkəb geosiyasi rəqabət İranı yeni seçimlər qarşısında qoyur.
Belə bir şəraitdə əsas suallardan biri Tehranın ümidini nə dərəcədə Pekinə bağlamasıdır. Çinlə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışan İran, Qərbin sanksiyaları və təzyiqləri fonunda özünü təcriddən çıxarmağa çalışır. Eyni zamanda, Tehran yaranmış fasilədən istifadə edərək müdafiə qabiliyyətlərini bərpa etmək, hava hücumundan müdafiə sistemlərini yeniləmək və mümkün qarşıdurmaya hazırlaşmaq istiqamətində addımlar atır. Bu prosesdə Çinin İrana hansı səviyyədə texnoloji və hərbi dəstək verəcəyi isə əsas mövzularından birinə çevrilib.
Mövzu ilə bağlı politoloq Natiq Miri EDnews-a şərhində qeyd edib ki, hazırkı vəziyyətdə Çinin İrana genişmiqyaslı hərbi və maliyyə dəstəyi göstərəcəyini gözləmək özünü aldatmaq olar:
"Çin elə bir dövlət deyil ki, İran və ya Rusiya naminə dünyanın hegemon gücü hesab olunan ABŞ ilə açıq qarşıdurmaya getsin. Əksinə, Çin ticarət müharibələrinin dayanmasının və dünyanın rəqabət və qarşıdurma yox, əməkdaşlıq müstəvisində idarə olunmasının tərəfdarıdır. Hazırkı vəziyyətdə Çin həm də vəd edib ki, İrana hərbi silahlar, eləcə də ballistik raket və dron istehsalı üçün vacib detallar verməyəcək. Buna görə də proseslərin böyük hissəsi ABŞ-nin nəzarəti altındadır və Çin İran naminə ABŞ ilə müharibə vəziyyətinə gələcək ölkə deyil. İran rəhbərliyinin sərt bəyanatları isə daha çox daxili auditoriyaya hesablanıb".
Politoloqun fikrincə, hazırda ABŞ-nin müəyyən razılığı çərçivəsində İranın az miqdarda neft satışı, əsasən avtomobil yolları vasitəsilə Pakistan və digər istiqamətlər üzərindən davam edir. Lakin bunun həcmi çox azdır:
"Çünki İranın əsas neft ixracı dəniz yolu ilə Hörmüz boğazı və Fars körfəzi üzərindən həyata keçirilir. Məlum olduğu kimi, bu istiqamətlərdə İranın limanları və dəniz çıxışları ciddi nəzarət altındadır. Əgər ABŞ və İran arasındakı gərginlik daha da artarsa, İranın neft ixracı tamamilə dayandırıla bilər. Belə olan halda isə sual yaranır: Hasil olunan neft hansı anbarlarda saxlanılacaq? Artıq mövcud ehtiyat tutumlarının dolmaq üzrə olduğu barədə məlumatlar var. Buna görə də İranın sərt və iddialı bəyanatlarını həddindən artıq ciddi qəbul etmək lazım deyil. Çünki danışıqlar prosesində tam əks mənzərə müşahidə olunur".
Natiq Miri hesab edir ki, ABŞ-nin dünən İranın cənubunda bəzi hərbi qayıqları və raket qurğularını vurması da təsadüfi hadisə kimi qiymətləndirilməməlidir:
"Bu, İrana açıq mesajdır ki, əgər Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və dünya iqtisadiyyatını təhdid etməyə çalışsa, Vaşinqton buna sərt cavab verməyə hazırdır. ABŞ belə risklərdən çəkinmir və hərbi əməliyyatların başlanması istənilən an mümkün ola bilər. Bu səbəbdən düşünürəm ki, İranın razılaşmadan başqa yolu qalmayıb. Əks halda ABŞ-nin geri çəkilməsi demək olar ki, mümkün deyil. Donald Trampın bu prosesdə konkret siyasi məqsədləri və səbəbləri var. Əgər nəticə əldə olunmasa, bu, həm onun siyasi nüfuzuna, həm də Respublikaçıların hakimiyyət perspektivlərinə ciddi zərbə vura bilər. Buna görə də geri addım atmaq imkanları məhduddur".
Politoloq onu da əlavə edib ki, yaxın günlərdə ABŞ ilə İran arasında prinsipləri və istiqamətləri müəyyən edən 60 günlük memorandum imzalanacaq. Bundan sonra isə həmin müddət ərzində bütün detallar və prinsipial məsələlər üzrə müzakirələr davam etdiriləcək. İranın üzərinə götürdüyü öhdəliklərin icrası da nəzarətdə saxlanılacaq:
"Əgər proses plan üzrə davam etsə, yekun müqavilənin imzalanması mümkün ola bilər. Bunun üçün isə əsas nüvə şərtlərinin yerinə yetirilməsi vacibdir. Bu şərtlər əsasən üç istiqaməti əhatə edir. Birincisi, İran öhdəlik götürməlidir ki, heç vaxt nüvə silahına sahib olmayacaq. İkincisi, yüksək səviyyədə zənginləşdirilmiş uranın tamamilə məhv edilməsi ilə bağlı mexanizm müəyyən olunmalıdır. Bu uran ya ABŞ-yə ilə təhvil verilərək zərərsizləşdiriləcək, ya da Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında neytrallaşdırılacaq. Üçüncüsü isə İranın uranı zənginləşdirmə prosesinin dayandırılması məsələsidir. Bunun hansı müddətdə həyata keçiriləcəyi hələ tam müəyyən olunmayıb. Bu, 20 il də çəkə bilər, daha qısa müddət də ola bilər. Bu üç əsas məsələ həll edildikdən sonra sülh sazişinin imzalanması mümkün görünür və yalnız bundan sonra ABŞ regiondakı hərbi mövcudluğunu azaltmaq və ya geri çəkmək barədə düşünə bilər".
Aytac Kərimova | EDnews


.png)




