Türkiyə NATO-nun Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq imkanlarını qiymətləndirməyə davam edir. Lakin Ankara hələlik bununla bağlı yekun qərar qəbul etməyib.
EDnews xəbər verir ki, bu barədə "Reuters" Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə DSRB-də iştirak imkanlarını təhlil edir, lakin aidiyyəti dövlət qurumları arasında aparılan məsləhətləşmələrdən sonra yeni strukturda iştiraka hazır olmadığı qənaətinə gəlib.
Bildirilib ki, Ankara bankın yaradılması prosesini əvvəldən yaxından izləyib və təşəbbüsün rəsmi təqdimatından əvvəl Monrealda keçirilən danışıqlarda iştirak edib.
Türkiyə həmçinin DSRB-nin yaradılması ilə bağlı birgə bəyanatı imzalayıb. Sözügedən sənəd Ankarada keçirilən NATO sammiti zamanı ictimaiyyətə təqdim olunub.
Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı NATO sammiti çərçivəsində təqdim edilən yeni beynəlxalq maliyyə təşəbbüsüdür. Bankın üzv ölkələrdə müdafiə, təhlükəsizlik və dayanıqlılıq layihələrinə maliyyə vəsaiti cəlb etməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və alyansın birgə müdafiə və təhlükəsizlik layihələrində fəal iştirak edir.







