"Müstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir".
EDnews xəbər verir ki, “Fransa Müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun bunu Bakıda keçirilən “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” beynəlxalq konfransında çıxış edərkən bildirib.
O qeyd edib ki, Fransada bəzi siyasi dairələrin müstəmləkəçiliyə haqq qazandırmaq cəhdlərinə baxmayaraq, bu, dəyişməyən tarixi həqiqətdir.
Jan-Mişel Brunun sözlərinə görə, bütün müstəmləkəçi dövlətlərdə, xüsusilə də Fransada media uzun illər müstəmləkəçiliyin həqiqi mahiyyətini üzə çıxarmaqdan daha çox, onun legitimləşdirilməsi və cəmiyyətdə müsbət obrazının formalaşdırılması üçün istifadə olunub.
O bildirib ki, Əlcəzair, Qayana, Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən mətbuat orqanları həmin torpaqlara fransız baxışını təbliğ edib, yerli xalqların səsi isə əksər hallarda təhrif olunub və ya diqqətdən kənarda qalıb.
"Bu gün media dekolonizasiya prosesində mühüm rol oynaya bilər".
Onun sözlərinə görə, mətbuat müstəmləkə altında yaşamış xalqların tarixini, mədəniyyətini, dillərini, həmçinin köləlik və müstəmləkəçilikdən qaynaqlanan ağrılarını, eləcə də siyasi, iqtisadi və sosial təşəbbüslərini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanına malikdir.








