UEFA prezidenti Aleksander Çeferin FIFA-nın 2030-cu il dünya çempionatını 64 komandaya qədər genişləndirmək ehtimalını qəti şəkildə tənqid edib. O, Almaniyanın nüfuzlu “Kicker” nəşrinə verdiyi müsahibədə bu ideyanın futbolun keyfiyyətinə ciddi zərər vuracağını bildirib.
“Əvvəldən biz ‘nə qədər çox komanda – bir o qədər yaxşı’ prinsipinə skeptik yanaşmışıq, çünki bu, futbolda keyfiyyətin aşağı düşməsi ilə nəticələnir,” – deyə UEFA rəhbəri bildirib. Onun sözlərinə görə, əsas məqsəd Avropa futbolunu, federasiyaları və mövcud yarış strukturunu qorumaqdır.
Çeferin, UEFA-nın bəzən genişlənmə planlarını dəstəklədiyi barədə yayılan fikirlərə də münasibət bildirib:
“İnsanlar deyirlər ki, guya biz bu genişlənmələri dəstəkləyirik... Mən artıq bilmirəm nə etməliyik. 36 səsdən yalnız 9-nun bizdə olduğu bir şəraitdə nəyin qarşısını almaq olar? Bunu ancaq sehrbaz bacarardı. Bu mübarizə yorucudur.”
UEFA rəhbəri 48 komandalı turnir formatına razılıq verdiklərini, çünki bunun Avropa futboluna ciddi təsir etmədiyini bildirib. Lakin 64 komandalı formatın "cəfəngiyyat" olduğunu vurğulayıb:
“Turnir çox uzun olacaq, Avropa seçmə oyunları əhəmiyyətini itirəcək. Ən önəmlisi isə futbolun ümumi keyfiyyəti ciddi şəkildə aşağı düşəcək.”
Qeyd edək ki, FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatını turnirin 100 illiyi münasibətilə xüsusi və daha genişmiqyaslı etmək üçün müxtəlif ideyaları nəzərdən keçirir. Lakin UEFA-nın sərt mövqeyi bu təşəbbüsə ciddi müqavimətin olduğunu göstərir.
Fatima Şükürova // EDnews