İranın yüksəkvəzifəli rəsmiləri ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara başlamaq üçün ölkənin Ali Rəhbəri Əli Xameneinin qərarını gözləyirlər.
“EDnews” xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumatlı mənbəyə istinadla yazır.
Bildirilir ki, iranlılar rəsmi bəyanatlarında əksini desələr də, ABŞ ilə danışıqlarda maraqlı olduqlarını deyiblər. Lakin yekun qərar yalnız Xameneiyə məxsusdur.
Mənbə qeyd edib ki, İranın ali liderinin danışıqlara razılıq verməməsinin onun siyasi mövqeyi ilə, yoxsa onunla əlaqə qurmağın çətinliyi ilə bağlı olub-olmadığı bəlli deyil.
Mediada yayılan məlumata görə, Əli Xamenei hazırda gizli bir yerdə - yeraltı bunkerdə saxlanılır, bu isə rəsmi şəxslərin onunla əlaqə qurmasını çətinləşdirir.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bildirmişdi ki, Tehran Vaşinqtonla nüvə proqramı üzrə danışıqların bərpası barədə heç bir razılığa gəlməyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı nə vəd verilib, nə də müzakirə aparılıb.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.