Cənub Delta Akvaridləri meteor axınının ən yüksək fəallığı iyulun 30-dan 31-nə keçən gecə müşahidə olunacaq.
EDnews xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont məlumat verib.
Alimin sözlərinə görə, hava şəraiti əlverişli və səma aydın olarsa, müşahidəçilər saatda 25-dək meteor görə bilərlər. “Ulduz yağışı”nı izləmək üçün səmanın cənub-şərq istiqamətinə, Dolça bürcünün yerləşdiyi əraziyə baxmaq tövsiyə olunur.
Lakin meteor axınının pik nöqtəsi tam Ay mərhələsinə təsadüf edəcək. “Maral Ayı” adlandırılan parlaq tam Ay səmanı işıqlandıracağından daha zəif meteorların görünməsini çətinləşdirə bilər.
Mütəxəssis qeyd edib ki, xalq arasında “düşən ulduzlar” adlandırılan bu işıq izləri əslində kometa tozunun kiçik hissəcikləridir. Həmin hissəciklər Yer atmosferinə daxil olarkən yüksək sürət və temperaturun təsiri ilə yanaraq parlaq iz yaradır.
Xatırladaq ki, iyulun 17-də isə Veneranı müşahidə etmək üçün əlverişli şərait yaranacaq. Ay nazik hilal formasında olduğundan planetin görünməsinə ciddi maneə törətməyəcək. Veneranın fazalarını yalnız teleskop və ya güclü durbinlə görmək mümkün olsa da, planet adi gözlə də səmada olduqca parlaq nöqtə kimi seçiləcək.
Aytac Kərimova | EDnews







