Yay aylarında dəniz kənarı restoranlar və balıq evləri sakinlərin əsas istirahət məkanlarından birinə çevrilir. Lakin bu mövsümdə balıq yeməyin sağlamlıq baxımından riskli ola biləcəyi ilə bağlı narahatlıqlar da mövcuddur. Bəs həqiqətən də, yayda balıq və balıq məhsulları yemək təhlükəlidir?
Qida eksperti İlkin Şirinov hesab edir ki, bu fikirlərin elmi əsası yoxdur. Əsl səbəb odur ki, iyun- avqust ayları balıqların inkubasiya dövrünə, yəni kürütökmə vaxtına təsadüf edir. Bu dövrdə balıq ovuna qoyulan qadağalar sırf nəsil artımını qorumaq məqsədi daşıyır:
“Digər tərəfdən, isti havalarda istər balıq, istərsə də digər ət məhsullarının saxlanma şəraitindən asılı olaraq insan sağlamlığına ziyanı qaçılmazdır. Yay aylarında daşınma zamanı buzlu balıqların və digər məhsulların soyuducusu olmayan və ya soyuducu sistemi zəif olan maşınlarda daşınması məhsulların tərkibində dəyişikliklərə səbəb ola bilər. Qida zəncirindəki bu soyutma prinsiplərinin pozulması nəticəsində məhsul bir dəfə donur, sonra əriyir, sonra isə yenidən dondurularaq satışa çıxarılır ki, bu da tərkibin pozulmasına, keyfiyyətin aşağı düşməsinə və insan sağlamlığı üçün təhlükə yaranmasına səbəb ola bilər. Bundan başqa, məhsulların saxlanma şəraiti də normaya uyğun olmalıdır. Əgər soyuducunun temperaturu göstərilən normadan aşağıdırsa və buz əriyib sonra yenidən donubsa, bu da məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Bu tip məhsullar satışda olduqda artıq onların tərkibi dəyişmiş olur”.