“Dünyada quş növlərinin demək olar ki, yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir”.
“EDnews” xəbər verir ki, bunu ekoloq Sevil Yüzbaşova deyib. O bildirib ki, əsas səbəblər arasında yaşayış mühitinin məhv edilməsi, meşələrin qırılması, invaziv növlərin təsiri və iqlim dəyişikliyi dayanır:
“Alimlər Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) məlumat bazasında qeyd olunan təxminən 10 min məlum növü tədqiq ediblər. Araşdırmalara görə, bir çox quş növü kənd təsərrüfatı sahələrinin genişlənməsi nəticəsində təbii yaşayış yerlərini itirir. İngiltərənin “Reading” Universitetinin alimləri tərəfindən aparılan və “Nature Ecology and Evolution” jurnalında dərc olunan tədqiqat nəticələrinə əsasən, gələcəkdə 500-dən çox quş növünün yox olma ehtimalı var”.
Ekoloq vurğulayıb ki, bu gün nəsli kəsilmək ərəfəsində olan quş növlərinin sayı, son 500 ildə nəsli kəsilmiş quş növlərinin sayından üç dəfə çoxdur:
“Biz müasir dövrdə görünməmiş böhranla qarşı-qarşıyayıq. Alimlərin fikrincə, ovçuluq, iqlim dəyişikliyi və yaşayış yerlərinin məhv edilməsi bu proses dayandırılsa belə, təxminən 250 növ yenə də yox olacaq. Onlar artıq kritik vəziyyətdədir”.
S.Yüzbaşova hesab edir ki, nəsli kəsilməkdə olan quş populyasiyalarını qorumaq üçün təcili bərpa proqramlarının həyata keçirilməsi vacibdir. Onun sözlərinə görə, qorunan təbiət ərazilərində bu növlərin çoxaldılması, yaşayış mühitlərinin bərpası, kənd təsərrüfatı, ağac kəsmə, ovçuluq kimi təzyiqlərin azaldılması önəmlidir.
“Bəzi növlərin əsirlikdə yetişdirilməsi və yaşayış mühitlərinin məqsədyönlü şəkildə bərpası zəruridir. Hətta bütün tədbirlər görülsə belə, bəzi növlər artıq yox olmaq təhlükəsi altındadır", - deyə ekoloq əlavə edib.