Mayın 27-də Prezident İlham Əliyev Laçın rayonunda yeni istifadəyə verilmiş “LATIFA” tikiş fabrikinin açılışında iştirak edib. Bu barədə EDnews məlumat verir.
Təqdimat zamanı “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısına fabriklə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, “LATIFA” fabriki Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da təməli qoyulmuş Laçın Aqro-Sənaye Parkının tərkib hissəsidir. Artıq parkda 12 müəssisə fəaliyyət göstərir və bu rəqəmin artması planlaşdırılır.
Yeni tikiş fabriki 1,2 milyon manatlıq investisiya layihəsidir və burada 30 nəfər daimi işlə təmin olunacaq. Müəssisədə gündəlik 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman geyimləri, eksklüziv dəstlər və digər məhsullar daxildir.
Uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri iqtisadi potensialın reallaşdırılmasına yeni imkanlar açır. Yeni müəssisələrin istifadəyə verilməsi bölgədə dayanıqlı məskunlaşma və məşğulluğun təmininə ciddi töhfə verir. Laçın Sənaye Parkında qurulan müəssisələr isə həm innovativ texnologiyaların tətbiqi, həm də ixracyönümlü məhsul istehsalı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu kimi addımlar Qarabağı və Şərqi Zəngəzuru Azərbaycanın iqtisadi inkişafında mühüm komponentlərə çevirir və bölgənin ümumi iqtisadiyyata inteqrasiyasını daha da sürətləndirir.
Fatimə Şükürova // EDnews