NATO bu dəfə çox danışmaq yox, sakit və sürətli qərar vermək niyyətindədir. 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitin gündəliyi gözləniləndən də yığcam və konkret oldu:
Cəmi bir plenar iclas. 3 saat 30 dəqiqə. 32 ölkə. Hər lidere təxminən 6 dəqiqə.
Bəli, bu, Qərbin təhlükəsizlik alyansında son illərin ən qısa və ən sıxılmış proqramı sayılır.
6 dəqiqəyə dünya siyasəti?
NATO sammitlərində çıxış vaxtına adətən limit qoyulmurdu. Xüsusilə də ABŞ prezidenti üçün. Amma bu dəfə vaxt da silah qədər ciddi tənzimlənir. Hər ölkəyə çıxış üçün təqribən 6 dəqiqəlik “mikrofon pəncərəsi” düşəcək.
Bu, NATO-nun mesajıdır:
“Söz yox, fəaliyyət vaxtıdır”.
Gündəmin əsas maddəsi: Pul və təhlükə
Sammitin əsas qərarı budur:
2032-ci ilə qədər NATO ölkələri hərbi xərcləri ÜDM-in 2%-dən 5%-ə çatdırmalıdır.
NATO deyir ki, bu, Rusiyanın yaratdığı təhlükəyə qarşı hazırlıq üçündür. Amma ekspertlərə görə, məsələ təkcə Rusiya deyil – bu, Avropanın ABŞ-dən hərbi asılılığını azaltmaq planıdır.
Qısaca desək:
NATO artıq “büdcə dostu alyans” olmaq istəmir.
Alyans daha çevik, döyüşə hazır və büdcəsi yüksək gücə çevrilmək istəyir.
Diplomatik protokol: Kral sarayında qəbul
Sammitin rəsmi hissəsindən əvvəl, iyunun 24-də liderlər Niderland kral ailəsinin şərəfinə keçiriləcək ziyafətə qatılacaqlar. Bu, həm də yumşaq güc diplomatiyasının bir hissəsidir. NATO mesaj verir ki, müdafiə yalnız tankla deyil, təəssüratla da qurulur.
Şahlar Ruhi