Ukrayna və Rusiya arasında mümkün sülh danışıqları fonunda Vaşinqton Kiyevə diplomatik təzyiqləri artırır. ABŞ Ukraynanı 2 iyun tarixində Rusiya ilə texniki danışıqlarda iştirak etməyə məcbur edə bilər.
EDnews "The Washington Post" (WP) qəzetinə istinadən xəbər verir ki, danışıqlar ətrafında yaranmış qeyri-müəyyən vəziyyət Ukraynanı çətin seçim qarşısında qoyub. Qəzetin məlumatına əsasən, ABŞ-nin davamlı hərbi və kəşfiyyat dəstəyi Kiyevin diplomatik manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Buna baxmayaraq, Ukrayna rəhbərliyi Rusiya tərəfindən irəli sürülmüş ilkin şərtlərlə danışıqlara başlamağa hazır deyil. Vaşinqtonun israrla Kiyevi dialoq masasına əyləşdirmək cəhdləri isə Kiyevdə narahatlıqla qarşılanır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 30-da verdiyi açıqlamada bildirib ki, Rusiya nümayəndə heyəti danışıqların ikinci raundu üçün iyunun 2-də Türkiyəyə yola düşəcək. Kreml nümayəndələri bu tarixdə Ukrayna tərəfi ilə birbaşa və ya dolayı şəkildə müzakirələrin aparılmasına hazır olduqlarını bəyan ediblər.
Hazırkı şəraitdə Ukrayna tərəfinin rəsmi mövqeyi bəlli olmasa da, diplomatik dairələr danışıqlara məcburi iştirakın siyasi nəticələr doğura biləcəyi qənaətindədir. Xüsusilə də müharibənin gedişində dönüş nöqtələrinin gözlənildiyi bir mərhələdə bu təzyiqlər Kiyev üçün həm daxili, həm də beynəlxalq müstəvidə balanslaşdırılmış addım atmağı çətinləşdirə bilər.
Fatimə Şükürova // EDnews