Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə Qərb dünyasında bu münaqişəyə yanaşmalar arasında ciddi fikir ayrılıqları getdikcə daha qabarıq şəkildə görünür. Macarıstanın hakim partiyasının rəsmi nümayəndəsi Tamaş Mençer bu istiqamətdə sərt və diqqətçəkən bəyanatla çıxış edib. O, Avropa İttifaqını (Aİ) müharibəni qəsdən uzatmaqda ittiham edib.
EDnews xəbər verir ki, Macarıstan rəsmisi Kossuth radiostansiyasına açıqlamasında Aİ liderlərini tənqid edərək bildirib:
“Onlar bunu özlərini xilas etmək üçün edirlər. Çünki sülh gələrsə, Rusiyaya qarşı müharibə ilə bağlı pis qərarların və sanksiyaların, Ukraynaya ayrılan 150 milyard avronun taleyinin hesabını verməli olacaqlar və bu məsuliyyətlə istefaya getməli olacaqlar. Bu isə onların istəmədiyi ssenaridir.”
O, həmçinin qeyd edib ki, Aİ rəhbərliyi təşkilat üzvü olmayan Ukraynanın xeyrinə, üzv ölkələrin milli maraqlarını gözardı edir və bu da siyasi absurdluqdur.
Mövzuya münasibət bildirən siyasi şərhçi Kənan Novruzov da bəzi həqiqətlərin bu fikirlərdə əks olunduğunu qeyd edib. Onun sözlərinə görə:
“Avropa və ABŞ-nin bu savaşla bağlı mövqeləri üst-üstə düşmür. Vaşinqton, xüsusilə Trampın qayıdışı fonunda, sülhə daha çox meylli görünür. Avropa isə, əksinə, müharibənin uzanmasını Rusiya üçün strateji zərbə hesab edir. Düşünürlər ki, sülh Rusiyanın geosiyasi gücünü bərpa edə bilər.”
Novruzov əlavə edib ki, Avropa Ukraynanı qalib etməyə kifayət edəcək səviyyədə yardım göstərməsə də, Kiyevin müharibəni davam etdirməsi üçün yetərli qədər silah və diplomatik dəstək verir. Nəticədə Ukrayna bu gün Avropa tərəfindən silahlandırılsa da, qərarlarını da faktiki olaraq Avropaya uyğunlaşdırmaq məcburiyyətində qalır.
“Kiyev bilir ki, Avropanın 'çaldığı havanı oynamasa', daha ağır vəziyyətə düşə bilər. Bu isə Ukraynanı siyasi və hərbi baxımdan Avropadan asılı duruma salır.”
Bu reallıq müharibənin yaxın zamanda bitəcəyi ilə bağlı nikbin gözləntiləri azaldır. Avropanın daxili siyasi dinamikaları, ABŞ-dakı seçki atmosferi və Trampın potensial qayıdışı fonunda Ukrayna məsələsi daha da mürəkkəb bir mərhələyə keçə bilər.
Fatima Şükürova // EDnews