NATO-nun yeni Baş katibi Mark Rutte Alyansa üzv ölkələrin müdafiə xərclərinin artırılması ilə bağlı razılığa gələcəyinə ümid etdiyini bildirib. O, bu barədə ABŞ-da keçirilən NATO Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı danışıb. Bu barədə EDnews “Tagesschau”ya istinadla xəbər verir.
Mark Rutte bildirib ki, iyunun 24-25-də Haaqada keçiriləcək NATO zirvə toplantısında ölkələrin ÜDM-in 5 faizini müdafiə və infrastruktur xərclərinə ayırması barədə razılaşma əldə olunacağı gözlənilir. Onun sözlərinə görə, bu 5 faizin 3,5 faizi birbaşa müdafiəyə, 1,5 faizi isə müvafiq infrastruktur layihələrinə yönəldilməlidir.
M.Ruttenin bu təklifi alyans daxilində yeni maliyyə hədəfi kimi dəyərləndirilir. Xatırladaq ki, mövcud razılaşmalara görə, NATO üzvləri müdafiəyə ÜDM-in ən azı 2 faizini ayırmalıdır.
Almaniya artıq bu yeni təşəbbüsü dəstəklədiyini açıqlayıb. Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Almaniya bu göstəricini mərhələli şəkildə artıraraq, 2032-ci ilə qədər 3,5 faizlik hədəfə çatmağı planlaşdırır.
Yeni maliyyə hədəfləri NATO-nun gələcəkdə kollektiv müdafiə qabiliyyətini daha da gücləndirməyə yönəlib. Hazırda artan geosiyasi gərginliklər fonunda bu məsələyə xüsusi önəm verilir.
Fatimə Şükürova // EDnews