Haaqa şəhərində keçiriləcək NATO sammitinin təşkilatçıları ABŞ prezidenti Donald Trampın digər liderlərlə mübahisə etməsinin qarşısını almaq üçün protokol məsələlərini son dərəcə diqqətlə planlaşdırırlar.
“EDnews” xəbər verir ki, bu barədə "The Telegraph” qəzeti yazıb.
Xüsusilə də Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında birbaşa təmasların qarşısı alınacaq. Mənbələr bildirirlər ki, onların arasında açıq qarşıdurma ehtimalı yüksəkdir və bu risk təşkilatçılar tərəfindən nəzərə alınıb.
Eyni zamanda, sammit çərçivəsində nə Ukraynaya Qərbin hərbi yardımını koordinasiya edən Müdafiə üzrə Əlaqə Qrupu, nə də atəşkəsə nəzarət məqsədilə yaradılmış Böyük Britaniya-Fransa təşəbbüsü olan "İstəkli ölkələr koalisiyası”nın toplantıları planlaşdırılır.
Qeyd edək ki, NATO sammiti 2025-ci il iyunun 24-25-də Haaqadakı World Forum konfrans mərkəzində keçiriləcək. Bu, Niderlandda keçiriləcək ilk NATO sammiti olmaqla yanaşı, yeni baş katib Mark Rüttenin də rəhbərliyi altında keçirilən ilk toplantı olacaq.
Məlumata görə, NATO rəhbərliyi sammitdə Donald Trampa cəmi bir səhifəlik bəyannamə təqdim etməyi planlaşdırır. Məqsəd – ABŞ prezidenti ilə alyansın digər liderləri arasında açıq qarşıdurmaların qarşısını almaqdır.
Bəyannamədə yalnız əsas tezislər əks olunacaq: Rusiya "təhlükə” kimi tanınacaq və Ukraynaya ümumi dəstək ifadə ediləcək. Lakin sənəddə Ukraynanın NATO-ya "geri dönüşü olmayan üzvlük yolunda” olması barədə heç bir qeyd yer almayacaq. Həmçinin, əvvəlki sənədlərdə birbaşa qeyd olunan Çin və iqlim məsələləri də bu dəfə sənəddən çıxarılıb.