Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentə "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatət göndərib.
“EDnews” xəbər verir ki, fraksiyanın digər deputatı Aqvan Vardanyan Ohanyanın üzrlü səbəbdən iştirak etmədiyini bildirib və bu prosesi qanunsuz adlandırıb.
"Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan da bu məsələnin müzakirəsində iştirak etməyəcəklərini və müxalifətin mövqeyini paylaşdıqlarını açıqlayıb.
Müxalifət deputatları etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.
Parlamentin sədri Alen Simonyan isə Ohanyanın üzrlü səbəbini əsaslı saymayıb, ondan heç bir rəsmi bildiriş və ya tibbi sənəd almadığını qeyd edib.
Seyran Ohanyan 2010-2015-ci illərdə müdafiə naziri vəzifəsində çalışarkən Geqarkunik vilayətinin Draxtik icmasında 10.5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəməkdə və həmin ərazidə dövlət vəsaiti hesabına malikanə tikdirməkdə ittiham olunur.
Eyni iş üzrə "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın adı da şübhəli şəxs qismində keçib. Onun toxunulmazlığının ləğvi ilə bağlı vəsatətin daha sonra təqdim olunacağı gözlənilir.