Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin Müstəqillik Günü münasibətilə keçmiş prezident Donald Trampa ünvanladığı məktubda diqqətçəkən bir ifadə işlədib: “ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək”.
Erməni KİV-lərinə istinadla yayılan bu mesaj ilk baxışdan diplomatik təbrik çaları daşısa da, əslində regionun geosiyasi trayektoriyasını dəyişə biləcək çağırışlar ehtiva edir. Paşinyanın bu sözləri həm Rusiya ilə məsafə saxlayan yeni Ermənistan kursunun, həm də ABŞ ilə strateji yaxınlaşmanın diplomatik şifrələməsidir.
Baş nazir məktubunda Trampın “münaqişələrin dayandırılması və dünyada sülhün qurulması ilə bağlı baxışlarını” yüksək qiymətləndirdiyini qeyd edir. Burada Ermənistan rəhbərliyinin ABŞ-ın qlobal rolunu Cənubi Qafqaza proyeksiya etmək istəyi açıq-aydın görünür. Sual olunur: Paşinyan ABŞ-ı bölgədəki yeni sülh modelinin əsas memarlarından biri kimi təqdim etməklə, hansı aktorları sıxışdırmaq istəyir?
Eyni zamanda Ermənistan hökumətinin “suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və regional infrastrukturun açılması” prinsiplərinə sadiq qaldığını vurğulaması da təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanla sülh danışıqlarında mövqe mesajı, digər tərəfdən də Qərb aktorlarına ünvanlanmış regional sabitlik çağırışıdır.
Paşinyanın sözlərinə görə, İrəvan ABŞ ilə strateji tərəfdaşlığı daha da dərinləşdirmək və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu isə Ermənistanın artıq təkcə təhlükəsizlik deyil, enerji, nəqliyyat, texnologiya və diplomatiya sahələrində də Vaşinqtonla qarşılıqlı bağlılıq qurmaq istədiyini göstərir.