Bu gün Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin VI Plenar İclası öz işinə başlayıb. Tədbirə dünyanın 30-dan çox ölkəsindən nümayəndə heyətləri qatılıb. Açılış mərasimində Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət oxunub.
Baş prokuror Kamran Əliyev çıxışında qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində apardığı islahatlar və beynəlxalq təşəbbüslərə verdiyi dəstək ölkənin bu cür tədbirlərə ev sahibliyi etməsini təmin edib. O bildirib ki, Azərbaycan şəffaflıq, hesabatlılıq və hüququn aliliyinə əsaslanan idarəçilik prinsiplərini möhkəmləndirməyə davam edir.
EDnews xəbər verir ki, tədbirin əsas məqsədi korrupsiyaya qarşı mübarizədə ölkələrarası təcrübə mübadiləsi aparmaq, effektiv mexanizmləri bölüşmək və beynəlxalq əməkdaşlığı daha da gücləndirməkdir. Sessiyalarda dövlət qurumlarının, prokurorluq orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Bu cür tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq hüquq və ədalət platformalarında fəallığının və etibarlı tərəfdaş kimi nüfuzunun artdığını göstərir. Eyni zamanda, bu, ölkənin korrupsiyaya qarşı qlobal səviyyədə açıq mövqe tutduğuna dair mesajdır.
Mədinə Məmmədova//Ednews