Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 19-da davam etdirilib.
EDnews xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.Məhkəmədə Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi bağlı videomateriallar nümayiş olunub.
Videomateriallarda 1993-cu ilin Ermənistan ordusunun Kəlbəcərdə Azərbaycan mövqelərinə hücum etməsi, Ağdərə istiqamətində irəliləməsi və hücum hazırlıqlarına başlaması, həmçinin bir neçə istiqamətdən zərbə endirilməsinin planlaşdırılmasından danışılır.
Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri düşməni Ağdərədən çıxartdı, yüksəklikləri və əsas yolları nəzarətə keçirdi. Kadrlarda yerdə öldürülmüş azərbaycanlıların nəşləri görünür.Digər videomaterialda Ermənistan ordusunun Sərsəng su anbarını alması və Ağdərəyə çatması barədə məlumat verilir.
Növbəti videomaterial Seyran Saroyan haqqındadır. Qeyd olunur ki, Seyran Saroyan Kəlbəcərin işğalında iştirakına görə, Ermənistanın ilk müdafiə naziri Vazgen Sarkisyan tərəfindən medalla təltif edilib.
Mədinə Məmmədova//Ednews