İsrailin xüsusi xidmət orqanı "Mossad" İranda partlayıcı maddələrlə təchiz olunmuş pilotsuz uçuş aparatlarının (PUA) yerləşdiyi gizli baza qurub və hərbi əməliyyatların başladığı anda həmin dronları işə salıb.
“EDnews” xəbər verir ki, bu barədə İsrailin tanınmış siyasi şərhçisi Amit Seqal məlumat yayıb. O, məlumatların təhlükəsizlik sahəsində çalışan yüksəksəviyyəli mənbələrdən əldə olunduğunu vurğulayıb.
Seqal qeyd edir ki, hücumdan əvvəl "Mossad" İranın təhlükəsizlik strukturlarında yüksək vəzifə tutan şəxslərin və nüvə proqramı üzərində çalışan alimlərin dəqiq yerlərini müəyyənləşdirmək üçün genişmiqyaslı kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirib. Bununla yanaşı, İranın strateji raket infrastrukturu və hava hücumundan müdafiə (HHM) sistemlərinə zərər vurmaq məqsədilə bir sıra gizli əməliyyatlar hazırlanaraq icra olunub.
"Mossad" üç əsas xüsusi əməliyyat həyata keçirib:
Birinci əməliyyat: İranın mərkəzi bölgələrində "Mossad"a bağlı xüsusi təyinatlı dəstələr İranın HHM sistemlərinin yaxınlığında açıq ərazilərdə yüksəkdəqiqlikli idarəolunan raket komplekslərini gizli şəkildə yerləşdiriblər. İsrail Hərbi Hava Qüvvələrinin İrana qarşı həyata keçirdiyi hava zərbələri ilə eyni anda bu qurğular aktivləşdirilərək hədəflərə sinxron şəkildə dəqiq zərbələr endirilib.
İkinci əməliyyat: İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq məqsədilə "Mossad" qabaqcıl texnologiyalarla təchiz olunmuş mobil hücum sistemlərini müxtəlif nəqliyyat vasitələrinə yerləşdirib. Gözlənilməz hücum zamanı bu sistemlər eyni vaxtda aktivləşdirilərək İranın HHM qurğuları tam şəkildə məhv edilib.
Üçüncü əməliyyat: İsrail kəşfiyyatı İranın mərkəzində, o cümlədən Tehran yaxınlığında yerləşən Especəbad bazasında "yer-yer" tipli raket qurğularını hədəfə almaq üçün PUA-lardan ibarət gizli baza yaradıb. Həmin dronlar hücum zamanı uzaqdan idarə olunaraq, İsrail üçün strateji və mülki təhlükə yaradan obyektlərə yönləndirilib.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.