ABŞ-nin Kaliforniya ştatının Yolo dairəsində fişəng anbarında baş verən partlayış və yanğından sonra azı yeddi nəfər itkin düşmüş sayılır.
“EDnews” xəbər verir ki, bu barədə Yolo dairəsi administrasiyası və Kaliforniyanın Meşə Təsərrüfatı və Yanğınla Mübarizə Departamentinin regional bölməsi tərəfindən yayılan birgə mətbuat açıqlamasında bildirilib.
Sənəddə qeyd olunub ki, hadisə yerində baş vermiş yanğın hələ də tamamilə söndürülməyib. Bu səbəbdən ətraf ərazilərdə yaşayan sakinlər üçün təxliyə göstərişləri qüvvədə qalır.
"Yeddi nəfər hələ də itkin düşmüş sayılır. Xilasedicilər və istintaqçılar həmin şəxslərin yerini müəyyənləşdirmək üçün obyektin sahibi ilə birlikdə intensiv işləyirlər", - deyə açıqlamada vurğulanıb.
İstintaqçılar hadisə yerinə dronlar vasitəsilə nəzarət edirlər. Məlumata görə, anbarın sahibi fişənglərin saxlanması üçün lisenziyaya malik olub. Meşə Təsərrüfatı və Yanğınla Mübarizə Departamenti xüsusi olaraq qeyd edib ki, bu cür hadisələr çox nadir hallarda baş verir, çünki bu obyektlər yalnız Kaliforniya qanunlarına yox, həm də federal qanunvericiliyin sərt tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.
Xatırladaq ki, dünən Yolo dairəsində fişəng anbarında güclü partlayış baş verib və nəticədə güclü yanğın başlayıb. Hadisənin səbəbləri hələ ki, müəyyən olunmayıb.