Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
EDnews xəbər verir ki, məktubda Mirziyoyev Azərbaycan dövlətinin son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirib və iki ölkə arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edib.
“Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan əhəmiyyətli nailiyyətlər qazanıb. Beynəlxalq nüfuzunuz və mövqeyiniz yüksəlir”, – deyə Özbəkistan lideri vurğulayıb.
Təbrik məktubunda həmçinin qeyd olunur ki, Azərbaycanla Özbəkistan arasında ortaq tarixə, dostluğa və çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələr bu gün ittifaq səviyyəsinə yüksəlib.
“Əminəm ki, planlaşdırılan səfərimiz və səmimi dialoqlarımız münasibətlərimizi yeni mərhələyə çatdıracaq. Energetika, kimya, farmasevtika və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi ilə bağlı böyük planlarımızın uğurla həyata keçəcəyinə inanıram”, – deyə Prezident əlavə edib.
Mirziyoyev sonda İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və rifah arzulayıb.
Fatimə Şükürova // EDnews