Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə məxsus xidmət müəssisələrində yüzlərlə ahıl və uşaq dövlət qayğısı ilə əhatə olunub.
“EDnews” xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Murad Həşimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda ahıl şəxslər üçün nəzərdə tutulan sosial xidmət müəssisəsində 226 nəfər ahıl şəxsə xidmət göstərilir:
"Müəssisəyə qəbul olunan ahıl şəxslər gündəlik olaraq yeməklə, yaşayış yeri ilə təmin edilir və onların sosial ehtiyaclarına uyğun xidmətlər göstərilir. Burada onların yaşayışı üçün bütün lazımi şərait yaradılıb”.
Bununla yanaşı, agentliyinin tabeliyindəki uşaq evi sosial xidmət müəssisələrində 444 nəfər uşağa da xidmət göstərilir:
"Uşaqlar gündəlik olaraq qida normalarına uyğun yeməklə, yaşayış yeri və geyimlə təmin olunurlar. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər də həyata keçirilir”.
M.Həşimov son olaraq onu da qeyd edib ki, bütün bu müəssisələrdə göstərilən xidmətlərdə əsas məqsəd əhalinin həssas təbəqələrinin sosial rifahının yüksəldilməsinə xidmət edir.