Bu gün dünya miqyasında tanınmış iqtisadçı alim, Nobel Sülh Mükafatı laureatı, mikrokredit modelinin banisi və sosial sahibkarlıq ideologiyasının öncülü, Banqladeşin baş naziri Məhəmməd Yunusun 85 illik yubileyi qeyd olunur.
Məhəmməd Yunus 28 iyun 1940-cı ildə Britaniya Hindistanının (indiki Banqladeşin) Çittaqonq bölgəsinin Bathua kəndində dünyaya gəlmişdir. Erkən yaşlarından təhsil və ictimai fəallığa böyük maraq göstərən Yunus, Çittaqonq Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili aldıqdan sonra ABŞ-ın Vanderbilt Universitetində Fulbright təqaüdü ilə magistr və doktorantura pillələrini tamamlamışdır.
Banqladeşin müstəqillikdən sonrakı sosial-iqtisadi vəziyyətini dərindən analiz edən Yunus, 1976-cı ildə Grameen (Kənd) mikrokredit modelini tətbiq etməyə başladı. Onun təşəbbüsü ilə kənd qadınlarına 1–20 dollar arasında kreditlər təqdim olunurdu. 1983-cü ildə isə bu model rəsmi bank strukturuna çevrilərək Grameen Bank adı ilə fəaliyyətə başladı.
2006-cı ildə Məhəmməd Yunus və Grameen Bank birlikdə Nobel Sülh Mükafatı ilə təltif olundular. Nobel Komitəsinin rəsmi açıqlamasında bu mükafatın səbəbi kimi onların "sosial və iqtisadi inkişaf üçün aşağı gəlirli insanlara, xüsusilə qadınlara verilən mikrokreditlərlə yoxsulluğa qarşı mübarizəyə verdikləri töhfə" göstərilmişdir.
Yunus həmçinin “social business” (sosial biznes) anlayışının müəllifidir – bu model mənfəət naminə yox, ictimai fayda uğrunda fəaliyyət göstərən biznesin təməlini qoyur. Bu gün onun ideyaları 100-dən çox ölkədə müxtəlif formada tətbiq olunur.
Məhəmməd Yunus ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında əməkdaşlıq əlaqələrinin tarixi 2010-cu ildən başlayır. Həmin dövrdən etibarən BAMF onun ideyalarını Azərbaycan və Avrasiya regionunda təşviq etmək, sosial sahibkarlıq sahəsində institusional potensialı inkişaf etdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
2016 -cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və dəstəyi ilə onun müəllifi olduğu “Kasıbların Bankiri” kitabı Azərbaycan dilinə tərcümə olunub yayımlandı. Elə həmin ildə Məhəmməd Yunus BAMF tərəfindən Azərbaycana dəvət olunmuş, burada Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə, eləcə də bir sıra nazirliklərin nümayəndələriylə səmərəli görüşlər keçirmişdir. Daha sonra adıçəkilən kitabın BAMF-ın əsas ofisində baş tutan təqdimat mərasimində şəxsən özü iştirak etmişdir. Bundan sonra isə o UNEC-də “Yunus Sosial Biznes Mərkəzi”-nin açılış mərasimində də iştirak etmişdir. Burada o UNEC-in "fəxri professoru" adına layiq görülmüşdür.
2024-cü ilin Mart ayında isə Məhəmməd Yunusun Bakıya ikinci səfəri baş tutmuşdur. Bu səfər zamanı M.Yunus BAMF-ın Himayəçilər Şurasıyla görüş keçirmişdir.
Məhəmməd Yunusun Azərbaycana üçüncü səfəri isə COP29 çərçivəsində baş tutmuşdur. Bu səfər çərçivəsində o Azərbaycan Respublikasının Prezidenti ilə ikinci dəfə görüşmüş, COp29 çərçivəsindəki tədbirlərdə fəal iştirak etmişdir.
Məhəmməd Yunus 85 illik ömrü ərzində yalnız iqtisadiyyata yox, həm də insanlığa xidmət edən bir düşüncə sisteminin simvoluna çevrilmişdir. Onun fəaliyyəti bizə sübut edir ki, iqtisadi mexanizmlər düzgün qurulmuş sosial fəlsəfəyə söykənəndə daha dərin və dayanıqlı nəticələr verir.
Umud Mirzəyev başda olmaqla BAMF ailəsi adından Məhəmməd Yunusu bu əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.