Rusiyanın Sibir bölgəsində yerləşən iri sənaye şəhəri Krasnoyarskın meri Vladislav Loginov rüşvət alma ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İstintaq orqanlarının ilkin məlumatına görə, Loginov vəzifəsindən sui-istifadə edərək iri məbləğdə rüşvət almaqda ittiham olunur. Onun biznes strukturlarına müxtəlif layihə və tenderlərdə üstünlük təmin etmək üçün qeyri-qanuni ödənişlər tələb etdiyi iddia edilir.
Vladislav Loginovun barəsində cinayət işinin başladıldığı, onun Moskva şəhərinə aparılaraq istintaq təcridxanasına yerləşdiriləcəyi və barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Hazırda Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) məsələ ilə bağlı əlavə araşdırmalar aparır. Həbsin Krasnoyarsk şəhərində və ətraf regionda başqa vəzifəli şəxslərin də istintaqa cəlb olunması ilə nəticələnə biləcəyi istisna edilmir.
Bu hadisə Rusiya daxilində korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir. Rəsmi dairələr hələlik Loginovun həbsilə bağlı geniş açıqlama verməyib.
Fatimə Şükürova // EDnews