Son zamanlar, xüsusən yay aylarında pəncərələrin açıq qalması ilə binalarda təhlükələr artmaqdadır. Bina evlərində pəncərələrdə qoruyucu dəmirlərin olmaması ölüm sayını da artırmaqdadır.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Ednews-a açıqlamasında bildirdi ki, birinci növbədə yıxılma ehtimalı nəzərə alınmalıdır. Uşaqlar pəncərədən və ya hər hansı bir hündür yerə çıxaraq yıxıla bilərlər:
“Elektrik cihazları və avadanlıqları da təhlükə mənbəyi ola bilər. Buna görə də onların təhlükəsiz istismarı vacibdir. Kimyəvi və dərman vasitələri, xüsusən yuyucu vasitələr də təhlükə törədir. Uşaqlar bu maddələri qida zənn edib qəbul edə bilər, bu isə həyati təhlükə yarada bilər."
Ekspertin fikrinci təhlükə sadalananlarla yekunlaşmır:
"Kəsici və deşici alətlər, məsələn, bıçaqlar da həm uşaqlara, həm də digər şəxslərə xəsarət yetirə bilər. Şkaf və tumbaların uşaqların üzərinə aşma ehtimalı olduğundan, bunlar mütləq bərkidilməlidir. Yanğın təhlükəsi də nəzərə alınmalıdır; uşaqlar yanıcı vasitələrdən istifadə edərək kibrit yandırıb yanğın törədə bilərlər."
Bəs valideynlər nələrə diqqət etməlidirlər?
"Valideynlər evdə təhlükəsizlik tədbirlərini nəzərə almalıdırlar ki, uşaqlar bu risklərlə qarşılaşmasınlar. Xüsusilə, uşaqların hündür yerdən yıxılma ehtimalı pəncərədən və ya şkafın üzərindən ola bilər. Buna görə də uşaqlar daim nəzarətdə saxlanmalıdırlar. Pəncərələr və eyvana çıxan qapılar mütləq kilidli olmalıdır və bu kilidlər yalnız valideynlərin nəzarətində olmalıdır ki, uşaqlar üçün əlçatan olmasın. Bazarda asanlıqla tapıla bilən bu qoruyucu sistemlərdən istifadə etmək tövsiyə olunur.
Valideynlər uşaqların pəncərəyə və ya eyvana çıxmasına vərdiş etməməsinə diqqət etməlidirlər. Bəzən valideynlər uşaqlar ağlayanda onları pəncərənin yanında əyləşdirir, bu isə uşaqlarda pəncərəyə və eyvana çıxmağa vərdiş yaradır. Ona görə də, valideynlər uşaqlar üçün pəncərə və eyvan ətrafında oyun təşkil etməməli və ya orada yemək verməməlidirlər ki, hər hansı bir bədbəxt hadisə baş verməsin." - deyə, ekspert fikirlərini tamamlayıb.
Aysel