Hindistanda faciəli hadisə baş verib. 20 yaşlı Payal Çavan adlı qız bəbir hücumunun qurbanı olub.
“EDnews” xəbər verir ki , bu barədə "The Times of India" nəşri məlumat verib.
Məlumata görə, qız mal-qara üçün ot biçərkən yırtıcı heyvan qəfil arxadan ona hücum edib.
Bəbir ovunu sürüyüb aparmağa çalışsa da, Payalın qışqırıqlarını qohumları eşidib və onlar qızın köməyinə qaçıblar. Nəticədə bəbiri qorxuda biliblər və yırtıcı qanlar içində olan Payalı buraxaraq kolluqların arasında gözdən itib.
Zərərçəkmiş qız təcili ən yaxın xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Qız çox qan itirib.
Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları bildiriblər ki, bu ərazidə bəbirlərin olması qeyri-adi hal deyil. Su mənbələrinin və tarlaların bolluğu onların məskunlaşması və özünü gizlətmək üçün maskalanmasına ideal şərait yaradır.
Faciədən sonra idarənin əməkdaşları vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə gediblər və təhlükəli yırtıcılar üçün tələlər qurublar.
Fatimə Mərdanlı //EDnews