Naxçıvanda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Naxçıvanın Sədərək rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
"EDnews" xəbər verir ki, ailə münaqişəsi zəminində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Azər İbrahimli barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin araşdırmalara görə, 2000-ci il təvəllüdlü Aytac İbrahimli yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Lakin hüquq-mühafizə orqanlarının apardığı istintaq zamanı onun həyat yoldaşı tərəfindən əvvəlcə fiziki zorakılığa məruz qaldığı, daha sonra isə öldürülərək tavandan asıldığı müəyyən edilib.
Hadisə Sədərək rayonunun Sədərək kəndində baş verib. Faktla bağlı Sədərək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq prosesi davam etdirilir.
Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli Ağcabədi rayon sakini olub və iki azyaşlı övladı var idi.
Şəms Qasımlı // EDnews