BMT-də siyasi xaos, fikir ayrılıqları müşahidə olunur.
“EDnews” xəbər verir ki, bu barədə Çin hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo (Wu Hongbo) XII Qlobal Bakı Forumunun panel sessiyasında bildirib.
2012-2017-ci illərdə BMT-nin iqtisadi və sosial məsələlər üzrə Baş katibinin müavini vəzifəsində çalışan Honqbo bu siyasi xaosda Çinin mövqeyinin təşkilatı qorumaq və onun fəaliyyət mexanizmlərini təkmilləşdirməkdən ibarət olduğunu vurğulayıb.
"Biz velosiped icad etmək niyyətində deyilik, BMT-ni qorumağa və təşkilatın iş mexanizmlərini təkmilləşdirməyə çalışırıq", - o bildirib.
V.Honqbo vurğulayıb ki, dünyada Qlobal Cənub və BRICS kimi bir neçə güclü siyasi aktor mövcuddur.
"Gördüyümüz kimi, Qlobal Cənub ümumilikdə dünya iqtisadi gücünün 40 %-dən çoxunu cəmləşdirib. İllik iqtisadi artımın 80 %-i onun, planet əhalisinin demək olar ki, yarısı isə BRICS-in payına düşür", - o bildirib.
Baş katibin müavini hesab edir ki, Qlobal Şimal və Qərb ölkələri bu siyasi qüvvələri dinləməlidir. O, Tramp administrasiyasının Çinə tarif məhdudiyyətləri tətbiq etməsinə baxmayaraq, Pekinin ABŞ və Aİ kimi siyasi aktorlarla əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.
Sabiq xüsusi nümayəndə qeyd edib ki, BMT-də inkişaf etməkdə olan və Qlobal Cənub ölkələrinə münasibətdə ikili standartlar amili mövcuddur. Buna görə də o, beynəlxalq əməkdaşlığın keyfiyyətini yaxşılaşdırmaq üçün belə paradiqmanı dəyişdirməyi təklif edib.
"Biz ilk növbədə BMT-də inkişaf etməkdə olan ölkələrə, xüsusilə də Afrika ölkələrinə qarşı tarixi ədalətsizliyin düzəldilməsinə diqqət yetirməliyik", - keçmiş xüsusi nümayəndə əlavə edib.