İranın xarici işlər naziri Abbas Əraqçı Silahlı Qüvvələrin hərbi əməliyyatları dayandırdığına işarə edib.
“EDnews” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Güclü Silahlı Qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün həyata keçirdiyi hərbi əməliyyatlar son dəqiqəyə, səhər saat 4-ə (Bakı vaxtı ilə 04:30) qədər davam edib”, – XİN başçısı qeyd edib.
O, hücumlara “son dəqiqəyədək cavab verən” orduya təşəkkürünü bildirib.
05:01
İranın xarici işlər naziri Abbas Əraqçı Tehran və Təl-Əviv arasında atəşkəs razılaşmasının əldə olunmadığını təsdiqləyib.
“EDnews” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“İsrail İrana qarşı müharibə başladıb, əksinə deyil. Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir “razılaşma” yoxdur”, – o bildirib.
Bununla belə, XİN başçısı qeyd edib ki, İsrail Tehran vaxtı ilə saat 04:00-dək hücumlarını dayandırarsa, İran “cavab tədbirlərini davam etdirmək niyyətində olmayacaq”.
“Hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yekun qərar daha sonra veriləcək”, – o vurğulayıb.
04:48
ABŞ Prezidenti Donald Trampın İran və İsrail arasında guya əldə edilmiş atəşkəs haqqında bəyanatı tamamilə yalandır. Bəyanat “ictimai rəyi yayındırmaq məqsədi daşıyır”.
“EDnews” xəbər verir ki, bu barədə “Fars News”a məlumatlı mənbə bildirib.
“Donald Tramp tərəfindən səsləndirilmiş atəşkəs planı tamamilə yalandır və ABŞ-nin regiondakı bazalarına zərbələr nəticəsində onların son alçalmasından ictimai rəyi yayındırmaq məqsədilə irəli sürülüb”, – agentlik mənbəyə istinadən qeyd edib.
“Fars News” həmçinin vurğulayıb ki, İran atəşkəs barədə nə rəsmi, nə də qeyri-rəsmi təklif alıb. Mənbənin sözlərinə görə, İran bu informasiya kampaniyasına cavab olaraq “yaxın saatlarda praktikada və döyüş meydanında İsrailə bu bəyanatın nə qədər yalan olduğunu sübut edəcək”.
Xatırladaq ki, daha əvvəl Tramp Təl-Əviv və Tehran arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlamışdı.