Elmi fəaliyyətlə bağlı qrantlara müraciət, qiymətləndirmə və nəticələrin elan mərhələləri tam rəqəmsallaşdırılmalıdır.
“EDnews” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
Onun sözlərinə görə, paternalist yanaşma Azərbaycan elmi sistemində uzun illərdən bəri hakim model kimi mövcuddur: "Bu, sovet elmi irsindən qaynaqlanan və yuxarıdan aşağıya doğru qərarların verildiyi yanaşmada özünü göstərir. Paternalist elmi idarə etmə keçmişin modelidir. Bizim universitetimiz rəqabətli, təşəbbüskar və azad elmi mühit quraraq yalnız regional deyil, qlobal elmi sistemində söz sahibi ola bilər".
O əlavə edib ki, bu keçid yalnız struktur baxımından deyil, həm də elmi-mədəniyyət dəyişikliyidir: "İkinci məsələ elmi fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlıdır. Elmi fəaliyyətin bütün mərhələlərini - tədqiqat təşəbbüsündən başlayaraq nəticələr yayımlanana qədər olan mərhələləri rəqəmsal mühitə keçirməklə şəffaflıq, məsuldarlıq və qlobal inteqrasiya səviyyəsini yüksəltmək dövrün əsas tələbədir. Buna görə də bizim universitetimizdə bu istiqamətin rəqəmsallaşdırılması işinə başlanılıb. İlk olaraq elmi məlumatların idarə edilməsi modulu üzərində işlər gedir. Amma bu platforma özündə aşağıdakı çox ciddi məqamları ehtiva edir. Birincisi, tədqiqatçıların profilləri bu sistemdə öz əksini tapacaq. Bu platformada tədqiqat layihələrinin idarə edilməsi platforması nəzərdə tutulub. Düşünürəm ki, rəqəmsal yolla idarə etməklə elmi fəaliyyətin qiymətləndirilməsi daha asan olacaq. Bizim hazırladığımız layihədə qrant müraciətləri, onlara dair hesabatlar və monitorinq modulu öz əksini tapacaq".
Rektor vurğulayıb ki, elmi fəaliyyətin metrik hesabatları da bu sistem vasitəsilə əldə ediləcək: "Məqalələrin, istinadların sayını avtomatik olaraq bizim bu sistem vasitəsilə görə biləcəyik. Üçüncü istiqamət qrant sistemi və onlayn müsabiqələrin də rəqəmsallaşdırılmasıdır. Elmi qrantlara müraciət, qiymətləndirmə və nəticələrinin elan mərhələləri tam rəqəmsallaşdırılmalıdır. Bu, şəffaflığın və obyektivliyinin təminatı ilə yanaşı tədqiqatçılar üçün ciddi bir motivasiya ola bilir. Bundan başqa, süni intellekt əsaslı mənbə analizi, ədəbiyyat bələdçisinin universitetlərinin mövcud rəqamsal sisteminə inteqrasiyası zəruridir. Eləcə də tədqiqat metodologiyalarını avtomatik təhlil edən "ağıllı köməkçi" modulu inkişaf etdirilməlidir".