ABŞ-nin San Fransisko şəhərində Azərbaycan, Gürcüstan və Qazaxıstan Baş Konsulluqlarının təşkilatçılığı, Kaliforniya İqtisadiyyat və Ətraf Mühit Fondunun dəstəyi ilə “ABŞ-Avrasiya Enerji və Ətraf Mühit Forumu” keçirilir.
“EDnews” xəbər verir ki, forumda Azərbaycan, Gürcüstan və Qazaxıstandan olan hökumət nümayəndələri, aparıcı biznes liderləri, Kaliforniya ştatının qubernator administrasiyası, Kaliforniya İqtisadiyyat və Ətraf Mühit Fondu (CFEE), San Fransisko şəhərinin rəsmiləri və sənaye üzrə tanınmış ekspertlər iştirak edir.
Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev çıxışında ölkəmizin yaşıl enerji strategiyası, regional əməkdaşlığa verdiyi əhəmiyyət və yeni enerji dəhlizləri ilə bağlı mövqeyi barədə geniş məlumat verib.
Tədbirdə Avrasiyanın enerji sektorundakı inkişaf perspektivləri, alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları, eləcə də yeni enerji dəhlizlərinin formalaşması müzakirə olunur.
Forumun əsas məqsədi ABŞ və region ölkələri arasında enerji, dayanıqlılıq və biznes sahəsində strateji tərəfdaşlığın gücləndirilməsidir. Hazırda forum işini davam etdirir.
Fatimə Mərdanlı //EDnews