"Husilər İsrailin bir neçə mühüm obyektinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endiriblər".
“EDnews” xəbər verir ki, bu barədə "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Saria özünün sosial şəbəkə hesabından bəyan edib.
Bildirilib ki, hücum Təl-Əvivdə yerləşən Ben-Qurion hava limanına, Aşdod və Eylat limanlarına, eləcə də Aşkelon şəhərindəki elektrik stansiyasına olub.
Saria bu zərbələrin Yəmənin Hodeyda, Ras-İsa və Əs-Salif limanları ilə Ras əl-Xatib elektrik stansiyasına İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi genişmiqyaslı hava zərbələrinə cavab olaraq həyata keçirildiyini bildirib.
Onun iddiasına görə, husilər İsrail ərazisinə ümumilikdə 11 raket və PUA buraxıblar: Təl-Əviv hava limanı, Eylat dəniz limanı və Aşkelon elektrik stansiyası hipersəsli ballistik raketlərlə vurulub.
Hazırda İsrail tərəfi hücumla bağlı rəsmi açıqlama yaymayıb.