“Həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqında gözəl başa düşürlər ki, Ermənistanla bağlı qəbul etdikləri qərar Azərbaycanın razılığı olmadan heç bir nəticə verməyəcək”.
Bu fikirləri Ednews-a açıqlamasında siyasi şərhçi Əlimusa İbrahimov 5 apreldə keçiriləcək Brüssel görüşü öncəsi Blinkenin İlham Əliyevə zəngini şərh edərkən söyləyib.
“Brüsseldə aprelin 5-də keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün Azərbaycan tərəfindən narzılıqla qarşılandığı hamıya məlumdur. ABŞ-da da bunun fərqində olmamış deyillər. Azərbaycan tərəfi həqiqətən bu görüş zamanı əleyhimizə müəyyən qərarların qəbul edilməsindən narahatdır. Bu qərar ilk növbədə Ermənistanın silahlandırılması istiqamətində aparılacaq müzakirələr ola bilər. Görüşü təşkil edənlər isə sırf Ermənistana iqtisadi yardım vermək və onun Rusiyanın təzyiqi qarşısında dözümlülüyünü gücləndirmək fikrində olduqlarını bəyan edirlər. Lakin bu bəyanatlar Azərbaycanı qane etmir və Bakı yenə də görüşün və onun ardınca konfransın şəffaf keçirilmədiyini əsas götürərək tədbirlərin Azərbaycan əleyhinə yönəldiyinə israr edir”.
Politoloq hesab edir ki, Blinkenin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə zəng açaraq 5 aprel görüşünün məqsədini şəxsən izah etməsi məhz Azərbaycanı sakitləşdirmək məqsədi daşıyır.
“Həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqında gözəl başa düşürlər ki, Ermənistanla bağlı qəbul etdikləri qərar Azərbaycanın razılığı olmadan heç bir nəticə verməyəcək. Yəni onlar Azərbaycanın iştirakı və yardımı olmadan Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə zəmanət vermək imkanlarına malik deyillər. Yaxud Ermənistanı Rusiyanın "qəzəbindən" qorumaq onlara müyəssər olmayacaq. Çünki Ukraynanı necə qoruduqları artıq göz qabağındadır. Məhz buna görə də Blinken ABŞ və Aİ-nin Ermənistanla bağlı təlaşlarına Azərbaycanın anlayışla yanaşmasını istəyirlər. Azərbaycan isə öz növbəsində öz dövlət və milli maraqlarından çıxış edərək təhlükəsizliyini prioritet hesab edəcək. Blinkenin istəyindən asılı olmayaraq Azərbaycana qarşı regionda atılacaq istənilən addım mənafeyimizə uyğun olmasa həyata vəsiqə almayacaq. Düşünürəm ki, bu barədə İlham Əliyev tərəfindən ona xəbərdarlıq edilib”.
Əkbər Novruz