Mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.
“EDnews” xəbər verir ki, qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində agentlik tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının qanun layihəsi hazırlanıb.
Qanun layihəsinin məqsədləri əsasən bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir.
Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. İnstitutun Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda, Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də, fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.
Fatimə Mərdanlı //EDnews