İran Prezidenti Məsud Pezeşkian Omanda 2015-ci il nüvə sazişinin bərpası üzrə danışıqlarda ABŞ-ın ölkədəki nüvə infrastrukturunun sökülməsi tələblərini rədd edib.
“EDnews” xəbər verir ki,İranın xarici işlər naziri Abbas Əraqçi bunu danışıqların dördüncü raundundan sonra IRIB telekanalına açıqlamasında deyib.
Nazir danışıqları “irəliyə doğru addım” kimi xarakterizə etsə də, onların çətin keçdiyini bildirib. Onun sözlərinə görə, danışıqlarda müzakirələr artıq ümumi mövzulardan daha konkret təkliflərə keçib və tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bundan öncə İran və ABŞ nümayəndə heyətləri üç raund danışıqlar aparıb. Onlardan ikisi aprelin 12 və 26-da Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub.
Omanın ev sahibliyi etdiyi Maskat danışıqları ABŞ-ın 2018-ci ildə Donald Trampın birtərəfli qaydada geri çəkildiyi birgə hərtərəfli fəaliyyət planını xilas etmək üçün son şansdır.
Bu arada İran Prezidenti Məsud Pezeşkian İranın nüvə infrastrukturunun sökülməsi barədə çağırışları qətiyyətlə rədd edib. “Bu, qəbuledilməzdir. Tehran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququndan imtina etməyəcək”, - deyə o, Tehranın nüvə proqramının mülki məqsədlər üçün nəzərdə tutulduğuna dair mövqeyini təkrarlayıb. Prezident, həmçinin ölkənin ali lideri Ayətullah Əli Xameneinin nüvə silahı yaradılmasını qadağan edən fərmanını da xatırladıb.
Maskat danışıqlarından öncə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun İranın nüvə proqramının tamamilə ləğv edilməsi tələbinin dəyişməz qaldığını vurğulayıb.
Fatimə Mərdanlı //EDnews