Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər

Xarici siyasət 11:32 08.05.2025

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.

“EDnews ” xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Baş katib.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.

Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.

Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Baş katib. Sizə və bütün vyetnamlı yoldaşlarımıza yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

Sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi bəyanatla çıxış etdi.

Baş katib To Lamın
bəyanatı
 
- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.

Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.

Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.

İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.

Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.

Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.

Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.

Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.

Təşəkkür edirəm.

Fatimə Mərdanlı //EDnews 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günüdür
00:00 12.05.2025
Hamısı