Müəllif: Fatimə Şükürova
Cəmi on il əvvəl diplomatların ictimai çıxışları yalnız mətbuat konfranslarında və ya rəsmi açıqlamalar vasitəsilə edilirdi. Bu gün isə xarici işlər nazirləri TikTok-da videolar paylaşır, səfirlər Instagram-da canlı yayımlar aparır, ölkələrarası münaqişələr isə memlər, virus videolar və rəqəmsal qarşıdurmalarla müşayiət olunur.
Rəqəmsal diplomatiya dövrünə xoş gəlmisiniz
Rəqəmsal diplomatiya yalnız prezidentlərin tvitlərindən ibarət deyil. Bu həm də qlobal ictimaiyyətin rəğbətini qazanmaq uğrunda informasiya mübarizəsidir. Müharibələr, böhranlar və ya sanksiyalar zamanı – kim öz mövqeyini daha tez və aydın şəkildə çatdırırsa, o da ictimai rəyin ilk dalğasında üstünlük qazanır.
Məsələn, Zelenski müharibə dövründə yalnız siyasi lider kimi yox, həm də güclü media brendi kimi tanındı. Onun sosial şəbəkələrdəki müraciətləri onlarla dilə tərcümə olunur və hər bir video dünya ictimaiyyətinə ünvanlanmış konkret mesajdır. Bu üslub artıq bir çox başqa siyasətçilərə də ilham verir.
İnfluencerlər dövlət xidmətində
Bəzi ölkələr məşhur bloqçular və tiktokerlərlə rəsmi əməkdaşlığa başlayaraq milli maraqları təbliğ edirlər. Səudiyyə Ərəbistanı və BƏƏ tanınmış media simalarının səfərlərini maliyyələşdirir ki, onlar ölkənin “modernləşməsi və qonaqpərvərliyi” haqqında paylaşım etsinlər. Çində isə dövlətə məxsus media qurumları YouTube və Twitter-də fəal şəkildə təbliğat aparır – baxmayaraq ki, bu platformalar Çinin özündə bloklanıb.
Yeni diplomatiyanın riskləri
Lakin bu yeni dövrdə mediada fəallıq daha çox həssaslıq və risklə müşayiət olunur. Uğursuz bir tvit, yerində olmayan bir mem və ya sızan yazışma diplomatik qalmaqala səbəb ola bilər. Üstəlik, saxta videolar və “deepfake” texnologiyası da yeni təhlükələr yaradır. Artıq istənilən şəxs haqqında sanki o özü danışırmış kimi saxta video yaratmaq mümkündür — bu isə real böhranlara yol aça bilər.
Gələcək nə vəd edir?
Diplomatiyanın gələcəyi yalnız qapalı danışıqlardan ibarət deyil. Artıq “layk”lar, “storilər” və “heştaq”lar da diplomatik alətin bir hissəsidir. Qələbə yalnız real siyasətdə deyil, həm də rəqəmsal informasiya meydanında diqqəti cəlb etməyi bacaran tərəfin olur. Elə bir dövrdəyik ki, hətta bir virus video belə tarixə təsir göstərə bilər.