Bu il oktyabrın 9-10-da "Bakı Konqres Mərkəzi" MMC-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil etdiyi “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri çərçivəsində kibertəhlükəsizlik konfransı keçiriləcək.
“EDnews ”xəbər verir ki, konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkandakı problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər.
CIDC-2025 çərçivəsində həmçinin “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Məqsəd virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30 min manat təşkil edəcək.
Bundan əlavə, tədbir çərçivəsində “Hack The Future 2” adlı pulsuz təlim proqramı təşkil olunacaq. Bu proqram çərçivəsində müxtəlif yaş və bilik səviyyələri nəzərə alınaraq, tətbirin iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində altı pulsuz ustad dərsi keçiriləcək.
İki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi, CIDC-2025 də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirəcək. Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində müasir tendensiyaların müzakirəsi, real problemlərin həlli və müasir çağrışlara cavab verən kibermüdafiə həllərinin nümayiş etdirilməsidir.
Fatimə Mərdanlı //EDnews