“Yeni dövr başlandı” – Umud Mİrzəyev yazır

Analitika 17:45 27.02.2024

“Xalq” qəzetinin son sayında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, şair-publisist, Əməkdar mədəniyyət işçisi Umud Mirzəyevin “Yeni dövr başladı” adlı məqaləsi çap olunub.

Ednews xəbər verir ki, bu, Umud Mirzəyevin Prezidentin andiçmə mərasimində konseptual çıxışına nəzərən hazırlanmış məqaləsidir.
Məqalədə Umud Mirzəyev İlham Əliyevin yenidən Prezident seçilməsi ilə ölkə üçün başlayacaq yeni dövrdən bəhs edib. O, Azərbaycana Zəfər tarixin bəxş edən şəxsiyyət haqqında öz fikirlərini də bölüşüb. 

Umud Mirzəyev yazıda həmçinin BAMF-ın seçkilərdə bitərəf müşahidəçilik missiyasının göstərdiyi fəaliyyətə də geniş yer verib. 

Ednews Umud Mirzəyevin sözügedən məqaləsini təqdim edir:

Ali məqsəd daha güclü Azərbaycandır

“Biz bu dövrə alnımız açıq, üzü­müz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri ola­caq, mən buna şübhə etmirəm.”

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

1. Masamın üzərində olduqca mühüm bir sənəd var: orada ifadə edilən məna təbii bir cazibə qüvvəsinin təsiri ilə yaşadığımız tarixi günlərin, daha doğrusu, dövrümüzün siması­nı göz önünə gətirir, orada səslənən faktlar, müddəalar və yanaşmalar sanki zamanın nəb­zi kimi döyünür...

Bu sənəd, həqiqətən də, taleyüklüdür, yəni ən yüksək dəyərə, dövlət, xalq, millət miqyaslı aktuallığa malikdir. Çünki orada irəlidəki yeddi illik zaman aralığında gedilə­cək tarixi yolun, heç şübhəsiz ki, mühüm na­iliyyətlərlə əbədiləşəcəyinə bəribaşdan əmin olduğumuz sülh, sabitlik, quruculuq, bir sözlə, böyük inkişaf və tərəqqi magistralının konturları aydın şəkildə təqdim edilmişdir. 

Əlbəttə, söhbət ölkəmizin ən böyük siyasi marafonunda qələbə çalaraq, yenidən dövlət başçısı seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü ildə növbədənkənar seçkidən bir həftə sonra düzənlənən andiçmə mərasimindəki nitqinin mətnindən gedir. Məhz bu nitqdə müstəqil Azərbaycanın indiki günlərimizə qədər keçib gəldiyi enişli-yoxuşlu, kifayət qədər mürək­kəb, eyni zamanda, ictimai-siyasi, sosial-iq­tisadi, mədəni-mənəvi həyatımızda mühüm rol oynamış nailiyyətlər ilə zəngin 30 illik bir dövrünə dolğun şəkildə nəzər yetirilir. Ən əsası isə önümüzdə dayanan strateji, eləcə də, bu və digər ən mühüm vəzifələr, məqsədlər ifadə olunur, zamanın yeni çağırışları dilə gətirilir.

Mən 2024-cü il növbədənkənar prezi­dent seçkilərində BMT statuslu, beynəlxalq səviyyədə fəaliyyət göstərən, heç bir siyasi mövqeyi olmayan bir təşkilatın rəhbəri ola­raq müşahidəçilik missiyamı yerinə yetirdim. Ancaq bu yazını isə bir azərbaycanlı, 30 il bu ağrı-acını yaşamış, həyatının hər anında hiss etmiş bir qarabağlı və zəngəzurlu kimi yazıram. 

Yəqin, razılaşırsınız, ən azı son üç-dörd ildə, hətta, demək olar, ekstremal ictimai-si­yasi şəraitdə İlham Əliyev nitqləri, çıxışları, dövlət başçısının beynəlxalq və yerli media­ya heç bir yazılı mətnə istinad etmədən verdi­yi ekspromt müsahibələri, xalqa müraciətləri məntiqli, kəskin, təsirli rəsmi nitqin ən yax­şı nümunələri, praktik natiqlik örnəkləridir (həm də onların bir çoxu doğma dilimizlə yanaşı, dünyanın ən geniş yayılmış əcnəbi dillərində, böyük siyasətlərin öz dilində, yəni ingilis və rus dillərində olmuşdu. 

Tarixən qələm və qılıncın, söz və gücün vəhdəti barədə çox deyilib. Yəqin, hər kəs xatırlayır, elə də uzaq tarix deyil, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan uğurlu cəbhə əməliyyatları ilə yanaşı, o, qılınc qədər kəsərli informasiya savaşında diplomatik təc­rübənin misilsiz örnəyini yaratmışdı. Dedi­yim kimi, həmin tarixi çıxışlar çox kəsərli və təsirli idi, çünki onlar həqiqətə, doğru olana söykənirdi. Hər bir cümlə səfərbərlik gücünə malik idi. İlham Əliyev danışarkən xalqın ruhu oyanırdı. O, nitqləri ilə xalqına, hər birimizə mərdliyi, heç bir xarici qüvvədən qorxmamağı təlqin edirdi. Həmin çıxışların əlahiddə dəyəri onda idi ki, onlar ədalətə əsaslanır, xalqın haqqını tələb edirdi! 

Həm fövqəladə əhəmiyyət daşıdığına görə, eyni zamanda növbədənkənar seçki ilə ilgili bölüşəcəyim mülahizələrin xronoloji ardıcıllığını qorumaq zərurətini nəzərə ala­raq, hələ də zəngin təəssüratının təsiri altında olduğumuz siyasi marafonda ədalətli, aşkar, dürüst və həm də bütün Vətənimizin dəstə­yi, ümumxalq coşqusu ilə möhtəşəm qələbə qazanan İlham Əliyevin andiçmə mərasimin­dəki, həqiqətən də, parlaq nitqi barədə sözü­müzün davamında ətraflı danışacağıq.

2. Masamın üzərində dünya çapında tanı­nan bir təşkilatın timsalında növbədənkənar prezident seçkiləri prosesinin müşahidəçilik missiyası ilə əlaqədar ayrı bir sənəd də var. Hadisələrin xronologiyası baxımından öncə mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun 7 fevral 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində müşahidəçilik fəaliyyətinə dair hesabatına əsaslanmaqla bir sıra mülahizələ­rimi bildirmək niyyətindəyəm. 

Verilən rəsmi məlumatlardan bəlli olur ki, növbədənkənar seçki marafonunu (125 dairə seçki kommisiyası, 6319 məntəqə seçki komissiyası üzrə) izləmək üçün 65 mindən çox müşahidəçi qeydə alınmış, onların 800-dən çoxu beynəlxalq müşahidəçi olmuşdur. Müşahidə və monitorinqlər aparmaq üçün QHT-lərin 3 koalisiyasına 50 nəfərlik mü­şahidəçi komandası ilə qoşulan, yaranmış tarixi-siyasi şəraitdə vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək amalına əsaslanan Beynəlxalq Avrasiya Mətbuat Fondu seçki prosesindəki uğurlu missiyası ilə məmnun­luq duya bilər. Bizim bu razılıq hissimizi həqiqətin ifadəsi kimi qəbul etməyinizi istər­dik. Təsəvvür edin, ölkə üzrə təqribən 6,5 milyona yaxın seçicinin iştirakı gözlənilən tarixi prosesdə BAMF, baş ofis Bakı şəhərin­də olmaqla Tərtər, Füzuli və Beyləqanda ob­yektiv və dolğun müşahidə aparmaq məqsədi ilə regional qərargahlar yaratmışdı. Koman­damız 22 fərqli dairədə 38 məntəqənin açı­lışında iştirak etmiş, üzvlərimizdən on nəfər Xankəndi, Şuşa, Laçın, Xocalı, Ağdərə, Fü­zuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonla­rındakı 7 dairənin 19 məntəqəsində, eyni za­manda, Bakı şəhərində intensiv müşahidələr aparmışdır. Ümumiyyətlə, rəhbəri olduğum fondun müşahidəçilər heyəti 32 dairə olmaq­la, 225 məntəqədə növbədənkənar prezident seçkilərini müşahidə etmişdir. 

Seçki günü mən özüm də Xankəndi, Şuşa, Xocalı, Ağdam, Füzuli və Tərtər rayonların­da müşahidəçilik missiyamı yerinə yetirdim. Bu tarixi gündə, ümumilikdə 8 məntəqədə, seçki prosesini izləmək şansım oldu. Əv­vəlki seçkilərdən fərqli olaraq budəfəki seç­kilərdə ən qürurverici an insanlarımızın ak­tivliyi idi. Sanki, xalq bu tarixi prosesin bir parçası olmağı özünə borc bilirdi. Sanki, bu tarixi missiya və qarşıya qoyulan vəzifə idi. Bu yanaşma eynilə, cənab Prezidentin xalqa göstərdiyi diqqət və onlara qazandırdığı qalib Azərbaycan məfhumunun sinoniminə bənzə­yirdi. Gənc və yaşlı nəsil, xanımlar və bəylər, fiziki məhdudiyyətli vətəndaşlar, şəhid ana­ları... Onların hər birini bu seçkidə görmək mümkün idi.

Rəqəmləri göstərib 7 fevral 2024-cü il tarixdəki fəaliyyətimizin statistikasını ver­məkdə məqsədim seçkiyə hazırlıq, seçkinin keçirilməsi və yekunları haqqında BMT-nin İqtisadi Sosial Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü, müstəqil bir təşkilatın – Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəyərləndirməsinin kifayət qədər ciddi bir rəy olduğunu diqqətə çatdırmaqdır. Bu rəy isə ondan ibarətdir ki, sözügedən bəlli təqvimdə doğma Vətənimizin, Azərbaycanın tarixində misli olmayan seçki reallaşmış, xalqımız yeni, daha məsuliyyətli ictimai-si­yasi, tarixi mərhələyə keçid etmişdir. 

Yeri gəlmişkən, şəxsən mən bir vətəndaş olaraq Azərbaycan öz müstəqilliyinə qovuş­duqdan bugünədək 1990-cı illərin lap əvvəl­lərinə təsadüf edən iki seçki də hesaba alı­narsa, 1993-cü ildən bu yana bütün prezident seçkilərinə qatılmış, xalqımızın həyatında əlahiddə önəm daşıyan mühüm siyasi pro­sesdən kənarda qalmamışam. 1993 və 1998-ci illərdə birmənalı olaraq ümummilli lider Heydər Əliyevi, sonrakı dönəmlərdə isə beş prezident seçkisində İlham Əliyevi ən layiqli namizəd hesab etmiş onlara, əslində isə Azər­baycanın dünəninə, bu gününə və gələcəyinə səs vermişəm. 

İnkişafın, yüksəlişin bütün parametrlə­ri fərqli mənbələrdən başlanğıc götürərək qüdrətli siyasi liderin – İlham Əliyevin si­masında vahid nöqtədə birləşmiş, ümumən, ölkədə keyfiyyət dəyişikliyinə səbəb olmuş­dur. Bu keyfiyyət faktorunu bütün seqment­lərə nəzərən izləmək mümkündür. Bu gün Azərbaycanda layiqli dövlətlərə xas siyasi, iqtisadi, intellektual, mədəni platforma möv­cuddur. Azərbaycan insanı 30 il bundan əv­vəlki fərd deyil, o hər cəhətdən inkişaf etmiş bir vətəndaş cəmiyyətinin üzvüdür. Xüsusilə, düşünülmüş daxili iqtisadi siyasət ölkədə insanların rifahının yüksəlməsinə təməl ol­ması göz önündədir. Əslində, Azərbaycan dünyanın, eləcə də Qafqazın sosial priorietli ölkəsidir. Bunu təsdiqləmək üçün uzun-uzadı araşdırmalar aparmağa ehtiyac yoxdur; əha­linin maddi rifah halının mövcud durumu, ölkənin, demək olar, hər bir ünvanında, yəni başdan-başa Azərbaycanda reallaşan sosi­al-infrastruktur layihələrinin yaratdığı mən­zərəyə nəzər salmaq yetərlidir (Yeni tikilən səhiyyə, təhsil, mədəniyyət müəssisələrini, aqrar-sənaye parklarını, sənaye kompleks­lərini, yol-körpü qovşaqlarını, sürətlə və keyfiyyətlə yeniləşib ecazkar bir gözəlliyə qovuşan Bakı şəhərini, böyük bir səriştə ilə aparılan, modernləşmiş ordu quruculuğunu ... və s. yada salaq). 

Hər bir uğur düzgün idarə olunmuş əməyə, iş və əməl birliyinə, 20 ildən çox bir müddət ərzində Prezident İlham Əliyevin qətiyyətli qərar və göstərişlərinə, idarəçilik bacarığına, Vətən sevgisinə, bütün bunlar­la bərabər ulu öndər Heydər Əliyevin siyasi idarəçilik irsinə sadiqliyinə əsaslanır.

İstər növbədənkənar seçki öncəsi, istər seçkilər günü, istərsə də seçkidən sonra bu siyasi kampaniyanı növbəti səsvermələr­dən əsaslı şəkildə fərqləndirən ekspertlər, təhlilçilər, kütləvi informasiya vasitələri­nin təmsilçiləri və sıravi vətəndaşlar heç də səhv etmirlər. Birmənalı olaraq hər kəs bildirir ki, 7 fevral 2024-cü il prezidentliyə növbədənkənar seçkini fərqləndirən məziy­yətlərdən biri də onun Azərbaycan Respub­likasının istinasız olaraq bütün ərazilərini – şəhər, qəsəbə və kəndlərini əhatə etməsi ilə bağlıdır. Belə bir göstərici ümumxalq na­iliyyətidir. 2020-ci ilin sentyabr-noyabr, 44 günlük Vətən müharibəsinin Zəfər gününə, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinə qədər kimin ağlına gələrdi ki, külli-Qarabağ, Şərqi Zəngəzur son qarışına qədər 30 il mənəm-mənəm deyən düşmənin sonuncu qulduruna qədər təmizlənəncək, Ermənistanın silahlı qüvvələrinin, ekstremist, seperatçı ünsürlərin başı “dəmir yumruq”la əziləcək. Azərbaycan vətəndaşları, qaçqın-köçkün bacı-qardaşlar sürətlə qurulub dirçəldilən dədə-baba torpaq­larına dönəcək və qalib bir ölkənin vətəndaş­ları kimi seçki məntəqəsinə gəlib istədikləri namizədlərə səs verəcəklər. Belə bir zəfər platformasının, qalibiyyət himninin müəllifi Azərbaycan xalqı, Milli Ordumuz və müzəf­fər Ali Baş Komandan İlham Əliyev idi. İnsanlar onun apardığı hərtərəfli və uğurlu siyasəti dəstəkləyərək, həm də məhz qürurlu qələbə həqiqətini dəyərləndirərək, sanki vəfa borcunu yerinə yetirərək seçki məntəqələrinə axın edirdilər. Məhz yuxarıda qeyd olunan 3 amilin (Xalq, Ordu, Rəhbər) ahəngdar qov­şağının yekununda azadlığına qovuşan Qara­bağda sülhün, asayişin, fundamental qurucu­luğun, doğma torpaqlarda onilliklər boyunca gözlənilən məskunlaşmanın sarsılmaz təməli qoyulmuşdu.

Azərbaycan Respublikasının Konstitusi­yasına, Seçki Məcəlləsinə istinadən prezident seçkiləri prosesinə qoşulan BAMF 35 ilə yaxındır ki, Azərbaycanda vətəndaş cəmiy­yətinin inkişafı, dövlətçiliyin, demokratik dəyərlərin qorunması, didərgin düşən insan­ların qayğı və çətinliklərinin önlənməsi, Qa­rabağda 30 ilə yaxın bir müddətdə mövcud olmuş katastrofik reallığın, acı həqiqətlərin beynəlxalq ictimaiyyətə, dünya mediasına çatdırılması kimi bir çox vacib məsələlər uğ­runda çalışmalarda ön sırada yer alan təşkilat­lardan biridir. Təbii ki, biz ölkəmizin həyatın­da baş verən ümumxalq əhəmiyyətli prosesə aktiv, aydın və vahid proqramla qoşulduq. Qısaca olaraq deyə bilərəm ki, komandamı­zın mövcud siyasi-ictimai vəziyyəti öncədən təhlil etməsi, seçkiöncəsi hazırlıqlar, prezi­dentliyə namizədlərlə bağlı zəruri bilgilərin nəzərdən keçirilməsi, təşviqat kampaniyası, yerli və beynəlxalq məlumatların ümumiləş­dirilməsi missiyamızı fəal və konstruktiv icra etməyimizə imkan verdi.

Azlığından və ya çoxluğundan asılı ol­mayaraq sayılan hər bir səsə rəğbətlə yanaş­maq lazımdır. Sadə bir misal; qalib namizəd­dən sonra Zahid Oruca verilən 2,17 faiz, Fazil Qəzənfəroğluya verilən 2 faizə yaxın səs minlərlə seçicinin səsi deməkdir. Bütün hallarda isə İlham Əliyevin mütləq qələbəsi – 92,8 faiz təşkil edən yekun rəqəm ədalə­tin, demokratiyanın, xalqın inamının və la­yiqli namizədə bəslənən etibarın təntənəsi, 20 ildən çox bir müddətdə ölkəyə rəhbərlik edən şəxsin yorulmaz əməyinə, qətiyyətli ad­dımlarına, dünyada örnək olan Azərbaycan reallığının yaradıcısına verilən qiymətdir. Biz təşkilatın növbədənkənar prezident seç­kilərinə aid yekun hesabatda böyük məm­nunluqla indiyə qədər görünməmiş izdihamlı seçici fəallığını qeyd etdik. Göstərdik ki, seçki prosesi şəffaf, obyektiv şəkildə keçiril­miş, səsvermədə layiqli iştirak üçün hər kəsə dolğun şərait yaradılmışdır. Seçki prosesində seçkilərin nəticələrinə təsir edə bilən heç bir qayda pozuntusu aşkarlanmayıb. Müşahidə­çilərimiz tərəfindən, ümumən, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndilmişdir. 

3. Yenidən prezident seçilən İlham Əliyev 2024-cü il fevralın 14-də Azərbaycan Respublikasının Milli Məclisində geniş və əhatəli, məzmunlu, cəmiyyəti maraqlandıran bütün təməl sualların cəmini cavablandıran, yekunları və perspektivləri əks etdirən nitq söylədi. Həmişə olduğu kimi, Prezidentin proqram mahiyyətli nitqi həm daxili, həm də xarici auditoriyanın diqqətini ciddi şəkildə cəlb etdi. Yeni mərhələdə də “Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyünün qorun­ması üçün” var gücünü sərf edəcəyini bəyan edən İlham Əliyev 2003-cü ildə verdiyi bü­tün vədlərin yerinə yetirildiyini, qazanılmış nailiyyətlərin mənbəyinin Azərbaycan xalqı, xalqın öz rəhbərinə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığı oldu­ğunu bildirir: “Biz böyük xalqıq, biz öz tale­yimizi özümüz həll edirik,” – deyir. 

Bəli, məhz elə bu fundamental səbəb­dən 2020-ci il sentyabrın 27-də alovlanan 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, dövlət başçısının dediyi kimi, 300-dən çox şəhər, kənd azadlığına qovuşdu. “Ancaq mü­haribə olmaya da bilərdi”, “əgər Ermənistan və onun xaricdəki havadarları beynəlxalq hüquqa əməl etsəydilər”, “BMT-nin dörd qət­naməsini qulaqardına vurmasaydılar”. Hal­buki Azərbaycan münaqişənin həllinin bütün etaplarında danışıqlara sadiq idi. Qələbəmizi şərtləndirən başlıca amillərdən biri Azərbay­can Ordusunun döyüş hazırlığı, qəhrəmanlıq ruhu ilə bağlıdır. Elə bu səbəbə görə ordumuz müharibənin bütün əməliyyatları zamanı yalnız irəli getmişdi. İşğalçıların özlərinin etirafına görə, 44 günlük müharibədə erməni ordusundan 12 mindən çox hərbçi fərarilik etmişdi. Halbuki Azərbaycan tərəfindən bir nəfər də olsun döyüş meydanını tərk edib qaçmamışdır.

Hamının ortaq olduğu yekdil rəyi Prezident İlham Əliyev bir daha xatırladır: “Bu prezident seçkilərinin əsas əlaməti, xü­susiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.” 

İlham Əliyev seçkiyə Xankəndidə qatıl­dı. Dediyi kimi, o, ölkənin hər bir yerində səs verə bilərdi, lakin tam ədalətli, düzgün olaraq buranı seçdi. Yeri gəlmişkən tale elə gətirdi ki, mənim də bir vətəndaş kimi Xankəndidə səs vermək şansım yarandı. Həmin an keçir­diyim hissləri sözlə ifadə etmək çox çətindir. Ömrünün yarıdan çoxunu Vətən həsrəti ilə keçirən birisi üçün bu hisslər yəqin ki, ya­şadığı həyatın ən yaddaqalan anlarından biri idi. Mən əzab-əziyyətlər görən, öz qanından olanları gözü qarşısında itirən, köklərinə bağ­lı ocağı söndürülən bir nəslin nümayəndəsi kimi uzun illər bu anın yükünü özümdə da­şıyacağam. Qalib Azərbaycanın gələcəyinə Xankəndidə, bəli bizim azad Xankəndidə səsimlə səs olmağa çalışdım. O yerdə ki, ta­rixin bəlli illərində bu məskəni Qarabağ xan­lığının banisi Pənahəli xan salmışdı. O yerdə ki, 1980-ci illərdən antiterror əməliyyatına qədər erməni quldurları buranı “şeytan yuva­sı”na çevirmişdilər. Qarabağı Azərbaycandan ayırmaq xülyası oradan “pərvazlanmışdı”. 

Prezidentin nitqindən indi iqtibas edə­cəyim cümlələr mərasimin iştirakçıları tərə­findən gur alqışlarla qarşılanır, o iki cümlə belədir: “Orada verdiyim səs, o qutuya atdı­ğım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan mismar idi”.

Prezident yeni dövrün başlandığını elan edir. O əmindir ki, yeni mərhələnin böyük nailiyyətləri olacaq. Dəqiq hədəf, ali məqsəd güclü Azərbaycandır. Çünki ədalət tərəzi­si əyilən dünya əvvəl-axır güclə hesablaşır. Lap hesablaşmasa belə, güc gücdür, çəkisi­ni itirmir. Söhbət əzələ nümayişindən deyil, xalqın, millətin, dövlətin halal, qanuni haqqı­nın təminatlı qorunmasından gedir...

“Ona görə də, – cənab Prezident bildirir, – növbəti illərdə qarşımızda duran əsas və­zifələrdən biri ordumuzun, Silahlı Qüvvələri­mizin gücləndirilməsi olacaq. Bütün hallarda Azərbaycanın dövlətinin siyasəti beynəlxalq hüquqa əsaslanacaq. Təsadüfi deyil ki, dövlət büdcəmizin ən böyük xərcləri hərbi xərclər­dir, bununla yanaşı, Qarabağ və Şərqi Zəngə­zurun bərpası da vəsaitlərin sərfi baxımından prioritetdir.”

İlham Əliyev, faktiki surətdə Üçüncü dünya müharibəsinə çox yaxın olduğumuz bir şəraitdə güclü hərbi sənaye kompleksinin yaradılması, sərhədlərimizin etibarlı şəkildə qorunması (...“Sərhədlərimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə keçə bilmə­sin”) zamanın çağırışı, müasir dövrün tələ­bidir. “Ölkə daxilində risklər yoxdur, bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formala­şır,” – deyə Prezident açıq şəkildə bəyan edir. Yalnız milli birlik, milli dəyərlərin tə­siri ilə yetişdirilən müasir gənclik, həmrəy­lik, vətəndaş cəmiyyətinin inkişafı, güvənli şəkildə qorunan sərhədlərimiz yeni uğurların təminatçısı ola bilər.

Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq, dirçəliş meydanıdır. Təəssüf ki, çox insan mina qurbanına çev­rilib, həyatını, yaxud sağlamlığını itirənlər var. Bununla belə ərazilər mənfur düşmənin yeraltı xəyanətindən xilas edilir; 120 min hektara yaxın ərazi təmizlənib. Əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəra­iti yaradıldıqca azad edilmiş yurdlara əbədi qayıdış sürətlənir. İndiyəcən 5400 keçmiş köçkün beş yaşayış məntəqəsinə göndərilib. İlin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min insan yerləşdiriləcək. Böyük Qayıdış proqramının birinci mərhələsində - 2026-cı ildə dədə-baba yurdlarına dönənlərin sayı 140 min nəfərə çatacaq. Hazırda erməni van­dallarının xarabazara çevirdiyi torpaqların yarasına məlhəm qoyulur. Orada bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur: xəstəxanalar, məktəblər, idman obyektləri, yollar, 130-dan çox tunel və körpü inşa edi­lir. İqtisadiyyatın hərtərəfli inkişafı, yoxsul­luğun minimum həddə endirilməsi, xarici iqtisadi və beynəlxalq münasibətlər, insanla­rın sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin açılması, gəlirlərin artımı, şəhid ailələri və müharibə əlillərinin sosial mü­dafiəsi kimi vacib həyati problemlərə toxu­nan, perspektivləri, həll yollarını göstərən Prezident İlham Əliyevin çıxışının son cüm­lələrini həyəcansız oxumaq olmur: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıda­yıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik. Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək!”

Fəxr hissi ilə qeyd etmək istərdim ki, qu­rucusu və rəhbəri olduğum Beynəlxalq Avra­siya Mətbuat Fondu yarandığı ilk gündən Qa­rabağ və onun ağır taleyinə həmdəm olmağı özünə ali missiya olaraq seçmiş və bu yolda inamlı addımlar atmışdır. Biz Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas və dayanıqlı QHT partnyoru olaraq son 20 il ərzində 12,500 hektardan ar­tıq ərazini mina və partlamamış hərbi sursat­lardan təmizləmiş və xalqımızın istifadəsinə vermişik. 30 illik işğal dövrü başa çatdıq­dan sonra Qarabağın 220-dən çox kəndində tədqiqat işləri aparmışıq. Ümumilikdə, 10 rayonda 250.000-dən çox soydaşımızın mina təhlükəsi üzrə maariflənməsinə nail olmuşuq. Bu gün də öz imkanlarımızı və potensialımızı Qarabağın inkişafına, onun çiçəklənməsinə və parlaq gələcəyinə səfərbər edirik. Biz bu torpaqlara qayıdışa inancı hər zaman yüksək olan vətəndaş cəmiyyəti təşkilatı olaraq bun­dan sonrakı dövrdə də mütərəqqi quruculuq və bərpa yolu keçəcəyimizə sonsuz inanırıq. Biz bu yola inanaraq, inandığımız liderin ya­nında ilahi bir güc ilə toplaşaraq çıxdıq və dayanmadıq.

4. Gün var əsrə bərabər... Dəyərli sözlər çoxmənalı olur, onları yalnız məcazi mənada yozmaq heç də mükəmməl yanaşma deyil. 20 ildən çox müddət ərzində Azərbaycana birmənalı olaraq uğurla rəhbərlik edən İlham Əliyevin beşinci dəfə prezident seçkilərinə qatılması və parlaq qələbəsi təqvimin sadə bir gününə – 2024-cü il fevralın 7-nə hüdudsuz zaman miqyası və tarixi mahiyyət qazandırır. İlham Əliyev 20 il ərzində Azərbaycan xalqı­nın bütün nailiyyətlərinin təşkilatçısıdır. Bu fikirləri istəkli oxucularla bölüşərkən illərin o tayından ulu öndərimiz Heydər Əliyevin dönə-dönə təsdiqlənən sözlərini eşidirəm:

“O, yüksək intellektli, praktik düşüncə­li, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev və Yeni Azərbaycan Partiyası bundan sonra da xalqı­mızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirmək Azərbaycan dövlətinin inkişa­fı, xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...”

Bu gün hər birimiz Ümumilli liderimizin böyük etimadının sözbəsöz doğrulduğunun şahidiyik...

İnkişaf – təbii, iqtisadi, sosial, siya­si, mədəni, mənəvi təkamülün, keyfiyyət­cə dəyişmənin adıdır. Azərbaycan xalqının yüzillikləri əhatə edən tarixi yolundakı inki­şaf mərhələlərini kimsə dana bilməz. Məsələ burasındadır ki, iyirmi il ərzində Azərbaycan xalqı və İlham Əliyevin müştərək müəllifli­yi ilə əldə olunmuş yekunları yalnız inkişaf göstəriciləri saymaq azdır. Çünki, o, kifayət qədər möhtəşəm milli inkişafla bərabər, müa­sir Azərbaycan intibahının müəllifidir. Belə müəlliflik səlahiyyəti ciddi şərtlər daxilində mümkün ola bilir. Məncə, ilk şərt odur ki, İlham Əliyev dövlət rəhbərliyinə başlayan ilk günlərdə Ulu öndərin yoluna, ümumxalq sədaqətinə üz tutdu və belə seçim dünən də, bu gün də Azərbaycanın hərtərəfli, qlobal uğurlarının müasir, milli və ideoloji əsasları­nı təmin edir. Cənab İlham Əliyev dövlətin qüdrətinin ideal şəkildə qorunması baxımın­dan xalqın ləyaqətini, milli heysiyyətini, vətəndaşlıq düşüncəsini bərpa edən tarixi şəxsiyyətdir. Sübut günümüzün reallıqlarıdır; Azərbaycanın dövlət müstəqilliyi tam, dön­məz, əbədi bərqərar olmuşdur. Milli iqtisadi inkişaf beynəlxalq səviyyədə nümunədir. Azərbaycanda ərazi bütövlüyünü, ölkənin sərhədlərini qorumaq qüdrətinə malik ordu yaradılmışdır. Sosial-infrastruktur qurucu­luğunun həm miqyası, həm keyfiyyəti, həm də görülən işlərin sürəti heyrətamizdir. İyir­mi il ərzində müvafiq mərhələ ardıcıllığı ilə əhalinin həyat şəraiti yüksəlmiş, insanların təhlükəsizliyi, asayiş təmin olunmuş, hüquqi dövlət möhkəmlənmişdir. 

Bu gün ölkənin beynəlxalq nüfuzu bəra­bərhüquqlu əməkdaşlığa əsaslanır. Müstəqil Azərbaycanın heç bir dövlətdən və qüvvədən asılılığı yoxdur. İlham Əliyevin uğurlu rəhbər obrazını tamamlayan səciyyəvi göstəricilər sayılanlarla bitmir, bunlar barədə təhlilçilər, icmalçılar, ekpertlər beynəlxalq miqyaslı po­litoloqlar, jurnalistlər, sadə insanlar hər gün söz açır, danışır və yazırlar. Əsas məsələ odur ki, İlham Əliyevin uğurlu siyasətinin bəhrəsi Azərbaycan xalqına məxsusdur!

https://xalqqazeti.az/az/siyaset/167596-yeni-dovr-baslandi

Umud MİRZƏYEV, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, şair-publisist, Əməkdar mədəniyyət işçisi

b9d181df-bf69-4d8c-8249-843834b7bd2e.jpg

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Hamısı