İyulun 1-dən etibarən “Bakıkart” kartlarının satış qiyməti 2 manatdan 3 manata qaldırılacaq.
EDnews xəbər verir ki, bu barədə “Bakıkart”dan “Lent.az”a bildirilib.
Məlumata görə, ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Bakıkart” kartlarının satış qiymətində dəyişiklik edilir.
Bildirilib ki, iyulun 1-dən etibarən kartların satış qiyməti 2 manatdan 3 manata qaldırılacaq.
Qeyd olunub ki, “Bakıkart” kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə təqdim edilib və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
Bu dövrdə kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının əhəmiyyətli dərəcədə genişləndirildiyi vurğulanıb.
Hazırda sərnişinlər “Bakıkart” kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş edə bilirlər.
Bildirilib ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.
Dəyişiklik yalnız yeni əldə edilən “Bakıkart” kartlarının satış qiymətinə aiddir.


.png)
.png)
.png)
.png)

