Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna və Yaxın Şərq də daxil olmaqla münaqişə zonalarında təhlükəsizlik risklərinin yüksək olduğunu bildirərək vətəndaşlara çağırış edib.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.
Nazirlik bildirib ki, bu cür ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.
Qeyd edilib ki, belə hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha göstərir.
XİN-in məlumatına görə, həmin bölgələrə səfər edən və ya orada fəaliyyət göstərən vətəndaşların həyat və sağlamlığı üçün ciddi təhlükələr mövcuddur.
“Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik”, – deyə bəyanatda bildirilib.
Nazirlik həmçinin xatırladıb ki, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı formada iştirakı Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti yaradır.
Bəyanatda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının xaricdə olan vətəndaşların hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirdiyi vurğulanıb.
Eyni zamanda, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşmasının və yüksək riskli fəaliyyətlərdən uzaq durmasının xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam etdiyini bildirib.






